ABŞ Mərkəzi Komandanlığı – CENTCOM İran limanlarına tətbiq olunan blokada çərçivəsində 37 gəminin geri qaytarıldığını açıqlayıb.
Qurumun yaydığı məlumata görə, ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyaya məruz qalan və İranın neft, qaz və digər enerji məhsullarını xarici bazarlara daşıdığı bildirilən “kölgə donanma”ya aid 19 gəmidən biri Oman dənizində saxlanılıb.
Açıqlamada qeyd olunub ki, həmin ticarət gəmisi ABŞ ordusunun göstərişi ilə geri – İrana istiqamətləndirilib. Bildirilib ki, blokada başlayandan indiyədək ümumilikdə 37 gəmi geri dönməyə məcbur edilib.
ABŞ prezidenti Donald Trump daha əvvəl İranla Pakistanda aparılan danışıqların uğursuzluğundan sonra Hürmüz boğazı üzərində blokada prosesinə başlanacağını açıqlamışdı.
CENTCOM əlavə edib ki, İran limanlarına qarşı həyata keçirilən bu əməliyyata 10 mindən çox hərbçi, onlarla hərbi gəmi və döyüş təyyarəsi cəlb olunub.























