Xalq şairi Vahid Əziz “Asan TV”yə müsahibəsində ailələrin dağılmasının səbəblərindən danışarkən maraqlı fikirlər səsləndirib. Şair hesab edir ki, yeni ailə quran cütlüklər valideynlərindən ayrı yaşamalı, qayınana və qayınatalar isə gənc ailənin daxili işlərinə müdaxilə etməməlidirlər. Onun bu fikirləri cəmiyyətdə müzakirələrə səbəb olub və ailə münasibətlərində valideynlərin rolu məsələsini yenidən gündəmə gətirib.
Həqiqətən də valideyn müdaxiləsi boşanmalara səbəb olan əsas amillərdən biridir, yoxsa gənc ailələrin dağılmasında başqa problemlər daha böyük rol oynayır? Valideynlərin ailənin daxili məsələlərinə müdaxiləsi hansı hallarda ciddi münaqişələrə və boşanmaya gətirib çıxara bilər?
Referans Media xəbər verir ki, Globalinfo.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (İB) sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, gənclər yalnız mental problemlərə, qayınana, qayınata və baldız müdaxiləsinə görə deyil, həm də müstəqil ailə, iqtisadi, sosial, mədəni və məişət subyekti kimi formalaşmaq üçün valideynlərindən ayrı yaşamalıdırlar:
“Onlar həm öz ailələrinin inkişafı, gələcəklərinin qurulması, həm də dünyaya gətirəcəkləri uşaqların iqtisadi, sağlamlıq və təhsil ehtiyaclarının qarşılanması üçün müstəqil ailə subyekti kimi fəaliyyət göstərməlidirlər. Valideynlərlə eyni evdə yaşamaq istər-istəməz müəyyən problemlərə səbəb olur. Ən ideal qayınana, qayınata, ər-arvad və digər ailə üzvləri belə bir evdə yaşadıqda söz-söhbət yaranması mümkündür. Üstəlik, iki və ya üç otaqlı mənzildə bir neçə nəslin birlikdə yaşaması əlavə çətinliklər yaradır. Uşaqlar dünyaya gəldikdən sonra onların səs-küyü yaşlı insanların istirahətinə mane olur. Xüsusilə sağlamlıq problemi olan, səs-küyə dözməyən insanlar üçün bu, ciddi narahatlıqdır. Digər tərəfdən, gənclərlə yaşlı nəslin məişət vərdişləri və həyat tərzi də fərqlənir. Məsələn, gənclər daha çox tez hazırlanan yeməklərə üstünlük verdikləri halda, yaşlı nəsil milli mətbəxə üstünlük verir. Evdə geyim və davranış qaydaları baxımından da müəyyən məhdudiyyətlər yaranır. Kişinin həyat yoldaşının yanında rahat geyimdə olması mümkün olsa da, digərlərinin yanında eyni sərbəstlik olmur. Eləcə də gəlinin geyim seçimi qayınata, qayınana və digər ailə üzvləri ilə birgə yaşadığı evdə müəyyən narahatlıqlara səbəb ola bilər. Bu baxımdan Vahid müəllimin fikirlərində həqiqət var”.
İB sədri bildirib ki, ailələrin dağılmasınAna səhifəın səbəbi yalnız bu amillər deyil:
“Problemlər bəzən elə toy mərasimindən əvvəl başlayır. Bəzi toylar əvvəlcədən qurulmuş münasibətlər və müəyyən maddi hesablamalar əsasında keçirilir. İnsanlar qohumların və tanışların toylarına gedərək yaranmış borcları qaytarmaq üçün övladlarını tələsik evləndirirlər. Ayrı yaşamaq üçün kirayə haqqı ödəmək, məişət avadanlıqlarından tutmuş şampun, sabun, ərzaq və dərman məhsullarına qədər gündəlik ehtiyacları qarşılamaq, kommunal xərcləri ödəmək lazımdır. Hətta indiki şəraitdə iki nəfərin ümumilikdə 2 000 manat maaş alması belə ailənin bütün ehtiyaclarını qarşılamaq üçün kifayət etmir. Üstəlik, toy mərasiminə gələn qonaqlardan yaranmış borcları artıq valideynlər deyil, gənc ailənin özü və hər iki tərəfin ailəsi birlikdə ödəməli olur.
Aydın Xan Əbilov
Uşaq dünyaya gəldikdən sonra isə maliyyə yükü daha da artır. Uşaq qidalarının qiymətləri 20 manatdan 100-150 manatadək çatır. Müasir dövrdə qadınlar hamiləlik zamanı və doğuşdan sonra bəzən normal qidalana bilmirlər. Əvvəlki qidalanma vərdişləri və sağlamlıq problemləri də ana südünün kifayət qədər olmamasına səbəb ola bilər. Nəticədə uşaqlarını ana südü ilə qidalandıra bilməyən analar bahalı uşaq qidaları almağa məcbur olurlar. Bununla yanaşı, uşaq bezləri, xəstəlik zamanı müalicə və həkim xərcləri də gənc ailələrin üzərinə ciddi iqtisadi yük qoyur. Bütün bunlar ailədaxili münaqişələrə və boşanmalara gətirib çıxaran amillərdəndir.
Bu gün Azərbaycan cəmiyyətində subay və dul insanlardan ibarət kifayət qədər böyük bir təbəqə formalaşıb. 40 yaşında ailə qurmayan qadın və kişilərimiz var. Eyni zamanda, Qərbdən gələn bir sıra dəyərləri mahiyyətini anlamadan, olduğu kimi öz həyat tərzinə tətbiq edən gənclərin sayı da artır. Həmin cəmiyyətlərdə insanlar karyera qurmaq üçün ailə qurmağı gecikdirir, lakin nikahdankənar münasibətlər yaşayırlar. Bizdə isə bəzi gənclər subaylığın daha rahat olduğunu düşünərək evlənmək istəmirlər. Evləndikdən sonra ailə həyatının çətinlikləri ilə qarşılaşanda isə məsuliyyəti bölüşmək və çətinliklərə dözmək istəmirlər”.
Kulturoloq qeyd edib ki, gənc ailələrin dağılmasının başqa səbəbləri də var:
“Bunlara ekoloji problemləri, uşaq sahibi ola bilməməyi, eləcə də gənclik dövründə yol verilən səhvlər nəticəsində yaranan müxtəlif sağlamlıq problemlərini aid etmək olar. Bəzi insanlar geyim və həyat tərzi ilə bağlı seçimlərinin gələcəkdə sağlamlıqlarına təsir göstərə biləcəyini nəzərə almırlar. Nəticədə reproduktiv sağlamlıq problemləri ilə üzləşərək valideyn olmaq imkanlarını itirə bilirlər. Uşaq sahibi ola bilməmək də bəzi ailələrdə boşanmaya gətirib çıxarır.
Bəzən boşanmaların böyük hissəsinin qadınların davranışları ilə əlaqələndirildiyini görürük. İfrat azadlıq istəyi, sərbəst yaşamaq arzusu və ailə münasibətlərində heç bir müdaxiləni qəbul etməmək kimi yanaşmalar münaqişələri dərinləşdirir. İndi valideynlər belə qızlarına və oğullarına müəyyən məsələlərlə bağlı irad bildirməkdə çətinlik çəkirlər. Qohumları, qonşuları və iş yoldaşlarını isə heç demirəm. Bütün bunlar cəmiyyətdə depressiv məişət düşüncəsinin formalaşmasına səbəb olur. Təəssüf ki, hələlik bu tendensiyanın qarşısını ala bilmirik”.

