Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır.
Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsusi işıqforun quraşdırılması nəzərdə tutulub. Yeni sistem avtobusların ümumi nəqliyyat axınından asılı olmadan hərəkət etməsinə, xüsusilə kəsişmələrdə vaxt itkisinin azaldılmasına imkan yaradacaq.
Digər tərəfdən, bu yeniliyin yol hərəkətinin təşkilinə, digər nəqliyyat vasitələrinin hərəkətinə və şəhərdə tıxac probleminə necə təsir edəcəyi də maraq doğurur.
Referans Media-ın məlumatına görə, mövzu ilə bağlı AZXEBER.COM-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, yeni svetofor sistemi avtobusların daha nizamlı və sürətli hərəkətinə müsbət təsir göstərəcək:
"Yeni tətbiq olunacaq svetofor sisteminin avtobusların daha nizamlı və sürətli hərəkətinə müsbət təsir göstərəcəyini düşünürəm. İlkin olaraq bu sistem Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində tətbiq ediləcək. Bu təşəbbüs AYNA-nın təklifi əsasında həyata keçirilir.
Hesab edirəm ki, ayrılmış avtobus zolaqları yaradılırsa, svetoforlarda da avtobusların hərəkətinə uyğun yaşıl dalğa sistemi tətbiq olunmalıdır. Məqsəd avtobusların işıqforlarda daha az dayanmasını və hərəkət sürətinin artırılmasını təmin etməkdir.
Son statistik göstəricilər də ayrılmış avtobus zolaqlarının səmərəliliyini və sərnişin sayında artımı təsdiqləyir. Hazırda yerüstü ictimai nəqliyyatda ən çox sərnişin daşıyan nəqliyyat vasitəsi avtobuslardır. Son üç ildə avtobus zolaqlarının şəbəkəsi genişlənərək 117 kilometrə çatıb, bu göstəricinin 160 kilometrə qədər artırılması nəzərdə tutulur".
Ekspertin sözlərinə görə, avtobus zolaqlarının fasiləsiz fəaliyyəti təmin edilməli, mövcud boşluqlar aradan qaldırılmalıdır:
"Düşünürəm ki, avtobus zolaqlarının fasiləsiz fəaliyyətinin təmin olunması istiqamətində təxirəsalınmaz qərarlar verilməlidir. Bir çox ərazilərdə bu zolaqların effektivliyi artıq hiss olunur. Lakin mövcud boşluqlar aradan qaldırılmalı, ayrı-ayrı hissələr bir-biri ilə əlaqələndirilməli və yeni nəsil svetoforların sayı artırılmalıdır. Bu, avtobusların daha sürətli və maneəsiz hərəkətinə imkan verəcək.
Digər mühüm məsələ sərnişinlərin minib-düşmə prosesinin sürətləndirilməsidir. Bu baxımdan, avtobusların bütün qapılarında validatorların quraşdırılması məqsədəuyğun olardı. Beləliklə, dayanacaqlarda gözləmə və sərnişinlərin minib-düşməsi üçün sərf olunan vaxt minimuma endirilə bilər".
Rauf Ağamirzəyev qeyd edib ki, ictimai nəqliyyatın inkişafı üçün yalnız avtobus zolaqları və xüsusi işıqforlar kifayət etmir, dayanacaq infrastrukturu da müasirləşdirilməlidir:
"Bununla yanaşı, küçə və dayanacaq infrastrukturu da müasir tələblərə uyğunlaşdırılmalıdır. Səkilərdən dayanacaqlara qədər olan piyada yolları rahat və maneəsiz olmalı, dayanacaqlar isə avtobusların vaxt itirmədən paralel şəkildə dayanmasına imkan verəcək formada layihələndirilməlidir.
Bu məqsədlə müasir Kassel bordürlərindən istifadə edilə bilər. Belə bordürlər avtobusun dayanacağa maksimum yaxınlaşmasına, sərnişinlərin isə rahat minib-düşməsinə şərait yaradır. Səviyyə fərqlərinin aradan qaldırılması üçün Vyana platformalarının tətbiqi də effektiv həllərdən biridir. Bu platformalar panduslu giriş-çıxış imkanları ilə sərnişinlərin hərəkətini asanlaşdırır. Eyni zamanda, avtobusların dayanacağa rahat yanaşması üçün müvafiq infrastruktur həlləri də nəzərdə tutulmalıdır.
Ümumilikdə, bu istiqamətdə görülən işləri müsbət qiymətləndirirəm. Hesab edirəm ki, əlavə təkmilləşdirmə tədbirləri həyata keçirilməklə avtobus nəqliyyatının sürəti, rahatlığı və komfortu daha da artırıla bilər. Nəticədə ictimai nəqliyyatdan istifadə sərnişinlər üçün daha əlçatan və cəlbedici olacaq".
