Yaponiyada aparılan yeni elmi araşdırma qanda yüksək C vitamini səviyyəsinin yaşlı insanlarda beynin boz maddəsinin daha yaxşı vəziyyətdə qalması və neyron əlaqələrinin qorunması ilə əlaqəli olduğunu ortaya çıxarıb.
Referans Media bildirir ki, araşdırmanın nəticələri elmi jurnal "PLOS One"da dərc edilib.
Tədqiqatda orta yaşı 69 olan 2044 nəfər iştirak edib. Onlar beyin maqnit-rezonans tomoqrafiyasından (MRT) keçib və qanda C vitamini səviyyəsi analiz edilib. Alimlər nəticələri yaş, cins, təhsil səviyyəsi, fiziki aktivlik, siqaret və alkoqol istifadəsi, eləcə də diabet və hipertoniya kimi amilləri nəzərə alaraq müqayisə ediblər.
Nəticələrə əsasən, C vitamini səviyyəsi aşağı olan şəxslərdə beynin boz maddə həcminin daha kiçik olduğu və yaddaş, diqqət kimi funksiyalara cavabdeh “default mode network” adlı beyin şəbəkəsində zəifləmə müşahidə edilib.
Mütəxəssislər bildirirlər ki, bu dəyişikliklər yaşla bağlı koqnitiv zəifləmənin erkən göstəricilərindən biri ola bilər.
Alimlər vurğulayır ki, araşdırma yalnız əlaqəni göstərir və səbəb-nəticə münasibətini tam sübut etmir. Buna baxmayaraq, normal C vitamini səviyyəsinin qorunmasının beyin sağlamlığı üçün mühüm ola biləcəyi və yaşa bağlı yaddaş zəifləməsi riskini azalda biləcəyi ehtimal edilir./sfera.az
