İrəvanda skandal: Paşinyanla bağlı qərar verildi, tarix açıqlandı

Ermənistanda iyunun 7-də keçirilən seçkilərdən sonra baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası ilə müxalifət arasında qarşıdurma artıb. Müxalif partiyalar Nikol Paşinyanın qələbəsini qəbul etmir.  

Hətta seçkilərin saxtalaşdırıldığı, siyasi manipulyasiyalar edildiyi iddia olunur, nəticənin keçərsiz sayılması tələb edilir.

Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan bildirib ki, iş üzrə məhkəmə baxışı yekunlaşıb. Qərar iyulun 4-ü günün sonunadək açıqlanacaq.

Ermənistanda nə baş verir? Seçkinin nəticələri tanınmaya bilər?

Referans Media  xəbər verir ki ,Globalinfo.az-a danışan ermənişunas alim Qafar Çaxmaqlı deyib ki, Ermənistanda seçkinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənməli idi:

“Bütün qanun pozuntularına rəğmən nəticələr elan olunmuş və onun təsdiq olunması Konstitusiya Məhkəməsinə göndərilmişdi. İndi məhkəmədə ciddi müzakirəsi gedir. Bu müzakirələrin cəmiyyətin müxtəlif təbəqələri arasında olması da təbiidir.


Lakin hər şeyə rəğmən, nəticələrin tanınmayacağı fikri doğru deyil. Yaxın günlərdə qərar veriləcək və yeni parlament höküməti formalaşdıracaq. Avqustun ortalarında Ermənistanda yeni höküməti görəcəyik”.

Politoloq Kazım Kazımov isə məsələyə belə münasibət bildirib:

“Ermənistanda Nikol Paşinyanın qələbəsi müxalif komandanı məyus etdi. Bu isə heç də adekvat məyusluq deyil. Seçkilərdə partiyalar uduzduqda, ilk növbədə günahı özlərində axtarmalıdırlar ki, niyə xalqın rəğbətini qazana bilmədilər. Ermənistan müxalifətində vəziyyət fərqlidir. Onların bir hissəsi keçmiş xuntaçılar, bir hissəsi isə ayrı-ayrı ölkələrdən idarə olunan oliqarx qruplardır. Onlar legitim yolla qazanmağın tərəfdarı deyillər. Hesab edirlər ki, seçkidən sonrakı prosesdə də pozucu fəaliyyətlə məşğul olaraq Paşinyanın qələbəsini “oğurlaya” bilərlər. Ermənistan daxilində və regionda sabitliyi pozmağa çalışırlar. Onların edə biləcəkləri heç nə yoxdur.


Seçki beynəlxalq müşahidəçilər tərəfindən müşahidə edilib, rəylər də kifayət qədər müsbət olub. Doğrudur, müəyyən hüquq pozuntuları ilə bağlı fikirlər də var. Lakin bu, seçkiyə böyük ölçüdə kölgə salmır. Hesab edirəm ki, bu qüvvələrin çıxışları çox da ciddi əhəmiyyət kəsb etmir. Yaxın zamanda sakitləşəcəklər. Paşinyan hökuməti də hüquqi addımlar atmalıdır. Çünki hər iki tərəfdə maliyyə fırıldaqları ilə bağlı iddialar var. Keçmiş prezidentlər Serj Sərkisyan və Robert Köçəryan ın da azərbaycanlılara qarşı soyqırımı aktları hər kəsə məlumdur. Onların cinayətləri və digər qanunsuz fəaliyyətləri aydınlaşarsa, tarixin qaranlıq səhifələrinə qarışıb gedəcəklər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki