Azərbaycan məktəblərində dərs ili rəsmi olaraq iyun ayının 14-də bitsə də bir neçə ildir ki, dövlət ümumi təhsil müəssisələrində əlavə iki həftə ərzində “Yay məktəbi” çərçivəsində dərslər keçirilir. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Yay məktəbi” əsasən iki həftə davam edir və burada müxtəlif siniflərin şagirdləri iştirak edir. Ödənişsiz və könüllü əsaslarla keçirilən dərslərin cədvəli şagirdlərin dərs xüsusiyyəti nəzərə alınmaqla müəyyən edilir. Daha çox ekskursiya, muzey dərsləri, açıq havada məşğələlərin keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, dövlət məktəblərində “Yay məktəbi” ənənəsi əsasən, koronavirus pandemiyası zamanı tədris prosesində yaranmış fasilələrlə bağlı idi. Lakin bir neçə ildir ənənə davam edir.
Bəs bu dərslərin effektivliyinin yoxlanılması haqda monitorinq aparılıbmı? Dərslərin keçirilmə məqsədi nədir?
Referans Media xəbər verir ki ,mövzuya münasibət bildirən təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi Bizim.Media-ya bildirib ki, “Yay məktəbi”nin təşkilində başlıca məqsəd şagirdlərin müxtəlif istiqamətlər üzrə bacarıqlarının müəyyənləşməsi və formalaşmasıdır:
“Eyni zamanda, tədris başa çatdıqdan sonrakı iki həftə ərzində onların həm səmərəli istirahət etməsi, həm də təhsil prosesində iştirakını davam etdirməsi vacibdir ki, seçilmiş istiqamətlər üzrə bilik və bacarıqları formalaşsın və inkişaf etsin.
Burada müxtəlif əyləncəli fəaliyyətlər, oyunlar, şahmat, futbol, əl bacarıqlarının inkişafı, rəsm istiqaməti üzrə məşğələlər təşkil olunur. Həmçinin müxtəlif fənlər üzrə onların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi istiqamətində işlər görülür”.
Effektivliyin yoxlanılması məsələsinə gəldikdə isə ekspert vurğulayıb ki, burada məqsəd hansısa qiymətləndirmənin həyata keçirilməsi deyil:
“Bu layihənin məqsədi şagirdlərin müxtəlif istiqamətlər üzrə bilik və bacarıqlarının formalaşdırılması və təkmilləşdirilməsidir. Şagirdlər burada əldə etdikləri bilik və bacarıqları növbəti tədris ilində tətbiq etmək və inkişaf etdirmək imkanı qazanırlar.
Bu dərslərin nə dərəcədə səmərəli olduğunu isə ən yaxşı valideynlər və şagirdlərin özləri qiymətləndirə bilərlər. Çünki onlar bu məşğələlərdə iştirak etməklə hansı bilik və bacarıqları əldə etdiklərini, eləcə də hansı müsbət nəticələr qazandıqlarını daha yaxından müşahidə edirlər.”
