Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı yeni sanksiya paketində Azərbaycanın adının çəkilməsi müzakirələrə səbəb olub. Sanksiya siyahısında “Yelo Bank”ın da yer alması ehtimalı gündəmdədir.
Referans Media xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, “Yelo Bank” Azərbaycanda fəaliyyət göstərən bank olsa da, onun səhmdarları arasında Rusiya vətəndaşları var və bank Rus kapitalına malikdir.
Ekspert qeyd edib ki, buna baxmayaraq, sözügedən bank Azərbaycanın bank sistemində sistem əhəmiyyətli maliyyə qurumları sırasına daxil deyil: “Yelo Bank ölkədə ilk onluğa daxil olan banklardan deyil. Azərbaycanda sistem əhəmiyyətli dörd iri bank var idi, sonradan bu say beşə çatdırıldı. Yelo Bank bu kateqoriyaya aid deyil və daha çox kiçik və orta banklar qrupuna daxildir”.
Onun sözlərinə görə, mümkün sanksiyalar bankın öz fəaliyyətinə müəyyən təsir göstərə bilər, lakin bu, ümumi maliyyə sisteminə ciddi təsir etməyəcək: “Yelo Banka tətbiq ediləcək sanksiyalar bankın fəaliyyətinə təsir göstərə bilər. Amma Azərbaycanın bank sisteminə, maliyyə və ödənişlər sisteminə hər hansı əhəmiyyətli təsir göstərəcəyi proqnozlaşdırılmır”.
İqtisadçı əlavə edib ki, sanksiyalar tətbiq olunacağı halda müəyyən təsirlər qaçılmazdır, lakin bu, ölkə üzrə ciddi maliyyə problemlərinə səbəb olmayacaq: “Ümumilikdə, bu vəziyyət Azərbaycanda maliyyə sistemində və ya ödənişlərdə ciddi problem yaratmayacaq. Heç bir ciddi risk yoxdur, təsir olsa da, bu daha çox əhəmiyyətsiz səviyyədə olacaq”.
Gülnaz Abdullazadə.























