Yeni idarəetmə sistemi gəlir – Deputatdan GÖZLƏNTİ

“Biz Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük”.

Bu fikri Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Dövlət Televiziyasına müsahibəsində səsləndirib.

Dövlət başçısı əlavə edib: “Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə - Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu”, - deyə dövlətimizin başçısı əlavə edib. Prezidentin bu fikirləri sözügedən yeni idarəetmə sisteminin bütün ölkə üzrə, bütün rayonlarda tətbiq ediləcəyi ehtimalını artırırmı?

Referans Media məlumatına görə,  deputat Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, prezidentin Naxçıvanda yeni idarəetmə modeli ilə bağlı səsləndirdiyi fikirlər ilk növbədə, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan idarəetmə mexanizminin nəticələrinin müsbət qiymətləndirildiyini göstərir: “Qarabağ və Şərqi Zəngəzurda Prezidentin xüsusi nümayəndəliklərinin fəaliyyəti idarəetmənin çevikliyinin, koordinasiyanın və dövlət siyasətinin yerli səviyyədə daha effektiv həyata keçirilməsinin vacibliyini ortaya qoyub. Naxçıvanda da bu modelin tətbiqi həmin təcrübənin yeni şəraitdə sınaqdan keçirilməsi baxımından əhəmiyyətlidir”.

A.Əlizadə bildirib ki, lakin bunu avtomatik olaraq ölkənin bütün rayonlarında eyni idarəetmə sisteminə keçid kimi qiymətləndirmək düzgün olmaz: “Azərbaycanın hər bir regionunun özünəməxsus sosial-iqtisadi və idarəetmə xüsusiyyətləri var. Bununla belə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda əldə olunan nəticələr göstərərsə ki, xüsusi nümayəndəlik modeli idarəetmənin səmərəliliyini, dövlət qurumları arasında koordinasiyanı və əhalinin problemlərinin daha operativ həllini təmin edir, gələcəkdə bu təcrübənin digər ərazilərdə də müəyyən elementlərinin tətbiqi mümkündür”.

Deputat hesab edir ki, burada əsas diqqət idarəetmənin mərkəzləşdirilməsi deyil, onun nəticəyönümlü və çevik olması məsələsinə yönəlməlidir: “Xüsusi nümayəndəlik modelinin üstünlüyü müxtəlif dövlət strukturlarının fəaliyyətinin vahid koordinasiya altında birləşdirilməsi və qərarların icrasına nəzarətin gücləndirilməsidir. Bu baxımdan, gələcəkdə həmin modelin ölkənin digər rayonlarında da tətbiqi məsələsi konkret nəticələr və yerli ehtiyaclar nəzərə alınmaqla müzakirə oluna bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki