Eyni iş, fərqli maaş: Şirkətlər əməkhaqqı məbləğini gizlədirlər

İş yerlərində əməkdaşların öz maaşlarını həmkarları ilə müzakirə etməməsi geniş yayılmış hala çevrilib. Əməkhaqqının sirr kimi qəbul edilməsi və maaş sistemində şəffaflığın olmaması bu tendensiyanın əsas səbəbləri sırasında göstərilir.

Referans Media  xəbər verir ki, iqtisadçı Asif İbrahimov işçilərin maaşlarını həmkarlarından gizlətməsinin əsas səbəblərindən birini əməkhaqqı sistemində şəffaflığın olmaması ilə əlaqələndirib.

Onun sözlərinə görə, işçilər öz əməyinin bazar dəyərini bilmədikdə maaş məsələsini müzakirə etməkdən çəkinirlər.

İqtisadçı qeyd edib ki, maaş sistemi şəffaf olduqda əməkdaşlar hansı meyarlara əsasən daha yüksək gəlir əldə edə biləcəklərini bilirlər. Təcrübə, məsuliyyət, nəticələr, sertifikatlar və ixtisasartırma kimi amillər əməkhaqqı fərqini əsaslandıra bilər:

“Problem maaş fərqinin özündə deyil, bu fərqin əsaslandırılmamasındadır. Eyni işi görən iki əməkdaşdan birinin digərindən iki dəfə çox maaş almasının səbəbi izah edilə bilmirsə, bu, artıq idarəetmə problemidir. Azərbaycanda bir çox insan illərlə eyni sahədə işləsə də, öz peşəsinin əmək bazarındakı real qiymətini bilmir. Bu səbəbdən bəzi işçilər aşağı maaşla işləməyə davam edir və mövcud iş imkanını itirməkdən çəkinərək əməkhaqqısı barədə danışmamağa üstünlük verirlər”.

O bildirib ki, əməkhaqqının şəxsi məlumat kimi gizli saxlanılması işçinin hüququdur, lakin şirkət maaşın hansı meyarlarla müəyyənləşdirildiyini şəffaf şəkildə izah etməlidir. Bu meyarlar olmadıqda isə əməkhaqqının müəyyənləşdirilməsi subyektiv xarakter alır və işçilər arasında narazılıq yaranır.

“Maaş fərqi hər zaman ədalətsizlik anlamına gəlmir. Fərq əməkdaşın təcrübəsi, məsuliyyəti, nəticələri, təhsil və sertifikatları kimi obyektiv göstəricilərlə əsaslandırıldıqda bu, normal haldır”./Sfera.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki