image-tramp_zelenskibackend

Zelenskidən Trampa nöqtə atışı: Ultimatumlar demokratiyada işləmir

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın onun sülh danışıqlarını ləngitməsi ilə bağlı iradına cavab verib.

“Bəzi məsələlərdə sadəcə ABŞ ilə eyni mövqedə deyilik. Bu, başadüşüləndir, mən dövlətimizin maraqlarını müdafiə edirəm. Mənim fikrimcə, ultimatumlar demokratik münasibətlər üçün işlək olmayan bir modeldir”, – deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri ilə bağlı bəzi materiallar tezliklə yekunlaşacaq:

“Əgər hər şey yekunlaşdırılarsa, ABŞ tərəfindən razılıq olarsa, sülhə yaxınıq. Çünki inanıram ki, biz öz tərəfimizdən işimizi bitirmişik. Razılıq olarsa, təhlükəsizliklə bağlı sənədləri Davosda imzalamaq mümkün olacaq”.

Zelenski qeyd edib ki, bu gün səhər saatlarında Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri üçün son partiya raket paketi çatdırılıb.

“Bu səhərə qədər bir neçə sistemimizdə raket yox idi. Açıq şəkildə deyə bilərəm ki, artıq bu gün bizdə bu raketlər var”, – deyə Volodimir Zelenski vurğulayıb.

Politoloq Kənan Novruzov Musavat.com-a açıqlamasında bildirib ki, Zelenskinin səsləndirdiyi fikirlərdə kifayət qədər ciddi və maraqlı mesajlar var:

“Kiyevlə Vaşinqtonun mövqeyinin üst-üstə düşməməsi və fikir ayrılıqları kifayət qədər normaldır. Çünki ABŞ Şərqi Avropa siyasətində heç də tamamilə Ukraynanın maraqlarından çıxış etmir. Əksinə, Vaşinqton zaman- zaman daha çox Moskvanın maraqlarına uyğun gedişlər gedir. Çünki Ağ Ev Kremllə “körpüləri yandırmaq istəmir”. Birincisi, Tramp başa düşür ki, cəbhədə Rusiya üstünlüyə malikdir. Ona görə də daha çox Ukraynaya təzyiq edir və Rusiya üçün mümkün danışıqları cəlbedici etməyə çalışır. Bu da Zelenskinin narazılığına səbəb olur.

İkincisi, Zelenski ölkəsini müdafiə etdiyini deyib. Onun bu açıqlamasından belə qənaətə gəlmək olar ki, Kiyevin geri çəkilmək niyyəti yoxdur. Mümkündür ki, Ukrayna ABŞ-nin təkliflərini məğlubiyyət kimi qiymətləndirir və savaşı davam etdirməyə üstünlük verir.

Üçüncüsü, ölkə başçısının “ultimatumlar demokratik münasibətlər üçün işlək olmayan bir modeldir” fikri ABŞ-yə işarədir. Zelenski açıq-aydın deyir ki, Vaşinqton Kiyevlə təhdidlə danışır. Üstəlik, o, rəsmi Vaşinqtonu anti-demokratiyada ittiham edir.

Dördüncüsü, Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı razılıqların əldə oluna biləcəyinə və sülhün uzaqda olmadığına işarə vurub. Görünür, mümkün sülh üçün ən ciddi məqamlardan biri ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətləri verməsidir. Hərçənd ABŞ-nin yaxın vaxtlarda tamamilə Ukraynanın arzuladığı təhlükəsizlik zəmanətləri verəcəyi inandırıcı görünmür. Hətta bu olsa belə, Ukrayna ciddi ərazi güzəştinə məcbur ediləcək.

Ümumiyyətlə, bütün cəhdlərə rəğmən, müharibənin yaxın vaxtda bitəcəyi inandırıcı deyil.

Nəhayət, Zelenski söyləyib ki, Ukrayna artıq HHM raket sistemlərinə malikdir. Məlum olduğu kimi, hava hücumundan HHM-lər Ukrayna üçün kritik əhəmiyyətli amillərdəndir. İndiyədək Ukraynanın hava məkanı lazımi səviyyədə qorunmurdu. Bu da itki və dağıntılara səbəb olurdu. Odur ki, indi Ukraynanın bu sistemlərlə təmin olunması ona xeyli üstünlük qazandıracaq, potensial itkilərin qarşısını alacaq”.

Politoloq bu fikirləri sıradan saymır:

“Fikrimcə, Zelenskinin bu məqamı xüsusi vurğulaması heç də təsadüfi deyil. O, bununla bir daha demək istəyib ki, Ukrayna hələ davam etməyə hazırdır və bunun üçün lazımi imkana malikdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki