Türkiyənin Diyarbəkir vilayətində 16 il əvvəl itkin düşən cütlüklə bağlı iş yenidən açılıb və istintaqın gedişində diqqətçəkən detallar ortaya çıxıb. İddialara görə, uzun illər xəbər alınmayan şəxslərin ailədaxili qərar nəticəsində öldürüldüyü və izlərin gizlədilməsi üçün cəsədlərinin mağaralara aparıldığı ehtimal olunur.
Referans Media xəbər verir ki, dini nikahla birlikdə yaşadığı bildirilən Ceylan Aktepe ilə Arif Uğurlu 2010-cu ildə yoxa çıxıb. İlk araşdırmalarda onların ölkəni tərk etdiyi ehtimal edilsə də, kifayət qədər sübut olmadığı üçün iş bağlanmışdı.
Lakin illər sonra ailə üzvlərinin yeni müraciəti və əlavə məlumatlar əsasında istintaq yenidən başladılıb. Aparılan araşdırmalar zamanı cütlüyün itkin düşdükdən sonra heç bir rəsmi quruma müraciət etmədiyi, bank əməliyyatı aparmadığı və yaxınları ilə əlaqə saxlamadığı müəyyən edilib.
İstintaq çərçivəsində keçirilən əməliyyat zamanı müxtəlif ərazilərdə yerləşən 3 ayrı mağarada insan sümükləri aşkarlanıb. Tapılan qalıqlar ekspertiza üçün müvafiq quruma göndərilib, yaxın qohumlardan DNT nümunələri götürülərək uyğunlaşdırma prosesi başladılıb.
İş materiallarında yer alan gizli şahid ifadələrində cütlüyün tapıldıqdan sonra müəyyən şəxslərə təhvil verildiyi və sonradan öldürüldüyü iddiaları yer alıb. Araşdırma çərçivəsində çoxsaylı şəxs saxlanılıb.
Məhkəmə qərarı ilə şübhəlilərdən biri “qəsdən adam öldürmə” maddəsi ilə həbs olunub, digər şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.
Hadisə bölgədə uzun illər cavabsız qalan itkin dosyalarından biri kimi yenidən ictimai diqqət mərkəzinə gəlib.
