Dünya Kuboku ilə erkən vidalaşan Türkiyə millisində bu dəfə gündəm meydandan kənarda yaşanan müzakirələr olub.
Referans Media xəbər verir ki, Komandanın mümkün mükafatlandırılması ilə bağlı ortaya atılan iddia futbol ictimaiyyətində geniş rezonans doğurub.
İddialara görə, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu daha əvvəl Dünya Kubokuna vəsiqə qazanılması münasibətilə milli futbolçulara Bodrumda lüks villalar hədiyyə ediləcəyini açıqlamışdı.
Hacıosmanoğlu əvvəlki çıxışında bu təşəbbüsün federasiya hesabına deyil, şəxsi vəsaiti ilə həyata keçiriləcəyini bildirmiş və uzun illərdən sonra Dünya Kubokuna yüksəlməyin xüsusi şəkildə qeyd olunacağını vurğulamışdı.
Lakin son yayılan məlumatlara əsasən, milli komandanın futbolçularının bu villaları qəbul etməmək barədə ortaq mövqe sərgilədiyi iddia olunur.
Məlumata görə, komandanın Dünya Kubokunda gözləntiləri doğrultmamasından sonra belə bir mükafatın ictimai reaksiyaya səbəb ola biləcəyi düşüncəsi ön plana çıxıb.
Hazırda məsələ ilə bağlı nə futbolçular, nə də Türkiyə Futbol Federasiyası tərəfindən rəsmi açıqlama verilməyib. Buna görə də yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb.
