ABŞ tarixinin ən böyük səhiyyə fırıldaqçılığı: Bir il gizləndi, sonda Türkiyədə yaxalandı

ABŞ tarixinin ən böyük səhiyyə fırıldaqlarından biri kimi təqdim edilən dosyedə adı keçən İbrahim Haldun Hilmi Türkiyədə saxlanılıb və ABŞ-a təhvil verilib. ABŞ Federal Təhqiqat Bürosunun (FBI) açıqlamasına görə, o, 3,7 milyard dollarlıq "Medicare" fırıldaqçılığı sxeminin əsas təşkilatçılarından biri olmaqda ittiham olunur.

Referans Media xəbər verir ki, Hilmi 2025-ci ilin may ayından etibarən axtarışda olub. ABŞ Ədliyyə Nazirliyi, FBI və Türkiyənin aidiyyəti qurumlarının birgə əməliyyatı nəticəsində onun saxlanıldığı bildirilib.

FBI rəhbərliyi əməliyyatı böyük uğur kimi qiymətləndirərək, maliyyə cinayətləri ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndiyini vurğulayıb. ABŞ rəsmiləri bildiriblər ki, ölkə vətəndaşlarının və dövlət sistemlərinin zərərinə işlənən cinayətlər harada törədilməsindən asılı olmayaraq araşdırılacaq.

İddialara görə, söhbət ABŞ-ın dövlət səhiyyə sisteminə qarşı qurulmuş milyardlarla dollarlıq sxemdən gedir. Hilmi barəsində yekun hüquqi qərarı isə ABŞ məhkəmələri verəcək.

Hadisə beynəlxalq miqyasda diqqət çəkərkən, Türkiyə üzərindən həyata keçirilən saxlanılma prosesi də geniş müzakirələrə səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki