2025-ci ildə Azərbaycanda 18 yaşadək analar tərəfindən 877 uşaq dünyaya gətirilib. Bu rəqəm əvvəlki illə müqayisədə azalsa da, problemin tam aradan qalxdığını deməyə əsas vermir. Üstəlik, 18 yaşadək anaların dünyaya gətirdiyi uşaqların böyük hissəsinin kənd yerlərinin payına düşməsi diqqət çəkir.
Bəs yeniyetmə yaşda analığın qarşısının alınması üçün görülən tədbirlər nə dərəcədə effektivdir? Erkən nikahlar və yeniyetmə hamiləlikləri niyə hələ də problem olaraq qalır? Bu göstəricilərin azalması problemin real miqyasının kiçildiyini, yoxsa sadəcə statistik tendensiyanın dəyişdiyini göstərir?
Referans Media bildirir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məsələ ilə bağlı Musavat.com-a fikrini bildirib. O deyib ki, 2025-ci ildə 18 yaşadək analar tərəfindən 877 uşağın dünyaya gəlməsi, əvvəlki illərlə müqayisədə azalma olsa da, erkən evlilik və erkən hamiləlik məsələsinin hələ də diqqətdə saxlanılmasının vacibliyini göstərir: “Burada hər bir rəqəmin arxasında konkret bir uşağın və ailənin taleyinin dayandığını nəzərə almaq lazımdır. Bu səbəbdən məsələyə yalnız statistika kimi deyil, uşaqların hüquq və mənafelərinin qorunması baxımından yanaşılır. Qeyd edək ki, ölkədə nikah yaşı 18 yaş müəyyən edilib. 2025-ci il 1 iyul tarixindən etibarən erkən evliliklərlə bağlı qanunvericilikdə mühüm dəyişikliklər də qüvvəyə minib. Qanunvericiliyə “erkən evlilik” anlayışı daxil edilib və 16 yaşına çatmayan şəxslərlə bağlı belə halların təşkilində və ya iştirakında məsuliyyət müəyyənləşdirilib. Eyni zamanda, yetkinlik yaşına çatmayan şəxslərin nikaha məcbur edilməsi ilə bağlı da hüquqi məsuliyyət mexanizmləri mövcuddur”.
Komitə rəsmisi hesab edir ki, erkən evlilikərin qarşısının alınması yalnız inzibati və ya hüquqi tədbirlərlə həll edilə biləcək məsələ deyil: “Burada ailənin, məktəbin, icmanın, yerli qurumların, səhiyyə və hüquq-mühafizə orqanlarının, eləcə də vətəndaş cəmiyyətinin birgə fəaliyyəti vacibdir. Xüsusilə, kənd və rayonlarda maarifləndirmə işlərinə xüsusi diqqət yetirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən rayon mərkəzləri ilə yanaşı kənd və qəsəbələrdə də tədbirlər keçirilir. Bu tədbirlərdə yerli icra qurumları, polis, təhsil və səhiyyə işçiləri, bələdiyyələr, din xadimləri, psixoloqlar, media nümayəndələri və icma sakinləri iştirak edirlər. Məqsəd yalnız valideynləri məlumatlandırmaq deyil, eyni zamanda icmada erkən evliliyə münasibətin dəyişdirilməsinə nail olmaqdır. Bununla yanaşı, risk qrupunda olan uşaqlar və ailələrlə fərdi iş aparılması, onların sosial və psixoloji ehtiyaclarının müəyyənləşdirilməsi, zəruri hallarda aidiyyəti qurumlara yönləndirilməsi də qarşısının alınması mexanizmlərinin mühüm hissəsidir”.
Teymur Mərdanoğluya görə, erkən nikahların daha çox kənd yerlərində qeydə alınması ilə bağlı yanaşmada da ehtiyatlı olmaq lazımdır: “Kəndlərdə yaşayan bütün ailələri və icmaları eyni yanaşma ilə qiymətləndirmək düzgün olmazdı. Burada sosial-iqtisadi vəziyyət, təhsildən yayınma, ənənəvi stereotiplər, ailənin və icmanın münasibəti kimi bir sıra amillər rol oynaya bilər. Ona görə də hər bir region üzrə risklər ayrıca qiymətləndirilməli və preventiv tədbirlər yerli xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilməlidir. Əsas məqsəd erkən evlilik baş verdikdən sonra müdaxilə etmək deyil, onun baş verməsinə imkan verməməkdir. Bunun üçün qız uşaqlarının təhsildə saxlanılması, valideynlərin maarifləndirilməsi, uşaqların hüquqları barədə məlumatlılığın artırılması və riskli halların vaxtında müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bir daha qeyd edirəm ki, erkən evliliyin qarşısının alınması yalnız bir qurumun deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Ən vacib məqam isə hər bir uşağın öz uşaqlığını yaşamaq, təhsil almaq və gələcəyini özü müəyyən etmək hüququnun qorunmasıdır”.
