Cənubi Koreya Rusiyaya məxsus hərbi təyyarənin Koreya Hava Hücumundan Müdafiə və Tanınma Zonasına (KADIZ) daxil olduğunu müəyyən etdikdən sonra bölgəyə hərbi təyyarələr göndərib.
Referans Media xəbər verir ki, Yonhapın məlumatına görə, Cənubi Koreya Baş Qərargahı bildirib ki, Rusiyaya məxsus hərbi təyyarə dünən ölkənin şərqində yerləşən KADIZ zonasına qısa müddətə daxil olub.
Açıqlamada qeyd olunub ki, Rusiya hərbi təyyarəsi Cənubi Koreyanın hava məkanını pozmadan ərazidən uzaqlaşıb. Buna baxmayaraq, ehtiyat tədbiri olaraq Cənubi Koreyanın hərbi təyyarələri havaya qaldırılıb.
Hava Hücumundan Müdafiə Tanınma Zonası (ADIZ) beynəlxalq hüquqda müəyyən edilmiş və hər hansı beynəlxalq qurum tərəfindən idarə olunan zona deyil. Bu ərazilər dövlətlər tərəfindən birtərəfli qaydada müəyyən edilir. ADIZ ölkənin hava məkanını pozmaq niyyəti olmayan mülki təyyarələrə şamil edilmir, lakin hərbi təyyarələr potensial təhlükə kimi qiymətləndirilərək xəbərdar edilə bilər.
