Dünən “Qarabağ“ın iki yeni futbolçu almağa hazırlaşdığına dair xəbər yaymışdıq.
Referans Media bildirir ki, Qol.az bununla əlaqədar yeni informasiyalar əldə edib.
Bizə çatan xəbərə görə, həmin futbolçuların hər ikisi legionerdir. Düzdür, futbolçuların adları hələlik açıqlanmır. Amma saytımız onların milliyyətini və meydandakı mövqeyini öyrənə bilib.
Futbolçulardan biri nigeriyalıdır və sol cinah vingeridir. Məlumdur ki, Abdullah Zubirin gedişindən sonra bu mövqedə yalnız bir futbolçu – Renaldo Sepas qalmışdı. “Qarabağ” yeni futbolçunun gəlişi ilə həmin mövqedəki problemin aradan qaldırmağı planlaşdırır.
Digər yeni transfer isə Afrika əsilli alman oyunçudur, dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. Hər iki futbolçu bu gün Bakıda olacaq. Onlar tibbi müayinədən keçdikdən sonra isə klubla müqavilə imzalayacaqlar. Bununla da “Qarabağ”ın bu yay aldığı futbolçuların sayı 10-a çatacaq.
Amma bu da son deyil.
“Qarabağ”a gələnlərlə yanaşı bir nəfər gedən də olacaq. Hələlik həmin oyunçunun da adı açıqlanmayıb. O, əsas heyətin üzvü deyil.
