2026-cı ilin ilk günlərində ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyat dünya siyasi gündəmində ciddi dəyişikliklərin olacağının xəbərçisidir. Bir çox analitik mərkəz belə hesab edir ki, yeni ildə böyük dövlətlər tərəfindən oxşar tədbirlər həyata keçiriləcək, regional münaqişələr güclənəcək. Bu proseslərin sonradan Üçüncü Dünya müharibəsinə çevriləcəyini proqnozlaşdıranlar da var.
Referans Media xəbər verir ki, Sfera.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, yeni il olduqca maraqlı hadisələrlə başladı:
“ABŞ-nin Venesuelaya hücumu və ölkə prezidenti Nikolas Maduronun narkoterrorizmdə ittiham olunaraq həbs edilməsi adi bir hadisə deyil. Söhbət suveren bir dövlətin prezidentinin beynəlxalq səviyyədə cinayət ittihamı ilə hədəfə alınmasından gedir. Təbii ki, bu addımı təqdir edənlər də var, sərt şəkildə etiraz edənlər də. Lakin reallıq ondan ibarətdir ki, dünya artıq yeni və fərqli bir mərhələyə daxil olur. Beynəlxalq hüquq getdikcə öz mövqeyini itirir və onun yerini “güc hüququ” tutur. Bu proses fonunda dünyada çoxqütblü sistemin formalaşdığını müşahidə edəcəyik. Yeni güc mərkəzləri yaranır və bu mərkəzlər öz maraqlarını qorumaq, yeni dünya düzənində mövqelərini möhkəmləndirmək üçün lazım olan addımlar atacaqlar. Artıq açıq şəkildə etiraf edilməlidir ki, hüquq ikinci plana keçir, siyasi maraqlar və strateji məqsədlər önə çıxır. ABŞ-nin Venesuela ilə bağlı atdığı bu addım eyni zamanda Rusiya, Çin və digər güclər üçün də müəyyən mənada motivasiya yaradır. Bununla belə, baş verənlər sürpriz deyil. Çünki uzun müddət müşahidə olunur ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq təhlükəsizlik arxitekturası zəifləyir və tədricən sıradan çıxır. Yeni təhlükəsizlik sistemi formalaşır, lakin bu proses təəssüf ki, mövcud mexanizmlərin dağılması hesabına baş verir”.
Politoloq bu vəziyyətin iri dövlətlərin toqquşduğu qlobal müharibəyə yox, iri hibrid müharibələrə çevrilməsinin mümkün olduğunu bildirib:
“Bu gün dünyada genişmiqyaslı, birbaşa dövlətlərarası müharibələr çox olmasa da, geosiyasi, hibrid savaşlar davam edir. Ukraynada yaşananlar da mahiyyət etibarilə Qərb və Avro-Atlantik blokla Rusiya və qlobal cənub arasında gedən qarşıdurmanın bir hissəsidir. Eyni zamanda narahatlıq doğuran məqam ondan ibarətdir ki, təkcə böyük dövlətlər deyil, orta və kiçik ölkələr də sürətlə silahlanır. Bu isə daha genişmiqyaslı müharibələrin gələcəkdə qaçılmaz olacağı ehtimalını artırır. Hazırda bu qarşıdurmaların kütləvi hal alması əngəllənsə də, risk aradan qalxmayıb. Bu prosesdə ABŞ-nin və xüsusilə Donald Trampın da müəyyən rolu və təsiri olduğu qeyd olunmalıdır. Lakin Venesuela hadisəsindən sonra sanki Çin, Rusiya və digər böyük güclərin də önü açılmış kimi görünür. Buna görə də, yeni dünya düzəninin formalaşması üçün yeni qlobal savaşların baş verməsi qaçılmazdır”.





















