“Yaxın gələcəkdə sürücünün hərəkət vaxtı telefonu əldə saxlamaqla istifadə etməsinə görə cərimənin elektron qərarla, yəni kameralar vasitəsilə qeydə alınaraq rəsmiləşdirilməsinə başlanılacağı barədə məlumat yayıldı. Layihə dərc edilməsə də, yəqin ki, söhbət İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində elektron qərarla rəsmiləşdirilə bilən xətalar sırasına İXM-in 342.6-cı maddəsində göstərilən xətanın da əlavə edilməsindən gedir. Bu edildikdən sonra (qanunvericilik prosedurlarını nəzərə alsaq, təxinən 2027-ci ilin ilk aylarından) bu xətaya görə də sürücülər barəsində nəzarət kameraları vasitəsilə cərimə tətbiqi mümkün olacaq”.
Referans Media ölkə.az-a istinadən xəbər verir ki, bunu nəqliyyat üzrə digər tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.
Onun fikrincə, telefondan istifadə hallarının kamera ilə qeydə alınaraq elektron qərarla rəsmiləşdirilməsi asan olmayacaq. Ekspert vurğulayıb ki, söhbət hərəkət vaxtı avtomobilin salonunda telefonu əldə tutaraq istifadə edən sürücünün görüntüsünü qeydə almaqdan gedir:
“Qanunun tələbinə əsasən, bunu edəcək kamera telefonun əldə tutulmaqla istifadə edildiyini fiksə etməlidir. Bu da qırmızı işıqdan keçən avtomobili qeydə almaq kimi sadə bir iş deyil. Ona görə elektron nəzarət sistemi də təkmilləşdirilməli, elə edilməlidir ki, qayda pozuntusunu əks etdirən şübhəsiz və mötəbər görüntülər (sübutlar) əldə etmək mümkün olsun. Əks təqdirdə çoxlu mübahisələr qaçılmaz olacaq”.
Ə.Hüseynovun sözlərinə görə, sürücülərin hərəkət vaxtı telefondan (smartfondan) istifadə etməsi tək Azərbaycanda yox, dünyada yol hərəkəti təhlükəsizliyinin ən ciddi probleminə çevrilib. Yol hərəkti təhlükəsizliyi ilə məşğul olan qlobal təşkilatlar sürücülərin hərəkət vaxtı telefondan (smartfondan) istifadə etməsini yol-nəqliyyat hadisələrinin ən geniş yayılmış səbəbi hesab edirlər.
“Zəncirvari qəzaların və arxadan çırpilmaların əksəriyyəti, bəzən lüzumsuz asta sürətlə hərəkət edərək nəqliyyat axınını iflic etmə, bu kimi çoxlu təhlükəli məqamlar və sürücülərin yollarda gördüyümüz xeyli məntiqsiz davranışları hərəkət vaxtı telefondan istifadənin fəsadlarıdır”, - ekspert vurğulayıb.
Onun fikrincə, gələcəkdə bu qayda pozuntusunun elektron qərarla rəsmiləşdirilməsi yəqin ki, müəyyən çəkindirici rol oynayacaq:
“Amma əsas məqam sükan arxasında olan şəxsin bunu şüurlu dərk etməsidir. Hamı bilməlidir ki, hərəkət vaxtı yol şəraitinə 1-2 saniyə nəzarət etməmək də ağır faciələrə gətirib çıxara bilər (məsələn, 90 km/saat sürətlə gedən avtomobil 2 saniyəyə 50 metr məsafə qət edir, həmin məsafədə sürücünün heç nəyə baxmamsı çox təhlükəlidir). Sadəlövhcəsinə “hər şeyi görürüm” kimi düşüncələr yanlışdır, çünki hər şeyi və hər zaman görmək üçün insan gözü kəsintisiz olaraq, özü də imkan daxilində 360 dərəcə panoramda yola və yolda olanlara nəzarət etməlidir.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, telefon sadəcə sürücü onun ekranına baxmaqla və ya əldə tutmaqla diqqət yayınmasına səbəb olmur. Telefonda bəzən sürücünün aldığı və ya ötürmək istədiyi elə informasiyalar olur ki, həmin informasiyaların sürücünün beynini məşğul etməsi səbəbindən onun gözləri yola baxsa da, əslində o, gördüklərini tam qavramır və bəzən reaksiyada gecikərək faciəli səhvlərə yol verir. Qanun layihəsi dərc olunanda detalları daha aydın görəcəyik”.
