25 noyabr 2000-ci ildə Bakı və ətraf ərazilərdə güclü zəlzələ baş verib. Zəlzələ nəticəsində binalara ziyan dəyib, onlarla insan xəsarət alıb, bir neçə nəfər həyatını itirib. Həmin hadisədən 26 il ötür.
Alimlərin son müşahidələri yaxın illər üçün hansı ehtimalları göstərir? Belə bir hadisə baş verərsə, şəhərdəki binalar zəlzələyə nə dərəcədə davamlıdır və tikililərimiz bu cür təkanlara tab gətirə bilərmi?
Referans Media xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Demokrat.az-a bu barədə açıqlama verib.
Onun sözlərinə görə, bugünkü vəziyyəti nəzərə alsaq, ümumilikdə Azərbaycanda seysmiklik fon səviyyəsindədir:

"Hazırda elə bir zəlzələ ocağında aktivlik müşahidə olunmur ki, hansısa bölgədə təhlükə gözlənildiyini deməyə əsas versin. Xəzər dənizində də tez-tez kiçik təkanlar baş verir, lakin hazırkı seysmik aktivlik güclü, dağıdıcı zəlzələnin gözlənildiyini göstərmir. Bu baxımdan, heç bir narahatlığa və təşvişə ehtiyac yoxdur. Azərbaycanda xırda təkanlar hər zaman baş verir və bu, normal seysmik prosesdir. Məsələn, bu gün respublika ərazisində də 10-dan çox kiçik təkan qeydə alınıb. Lakin onların heç biri hiss olunmayıb, yalnız seysmik cihazlar vasitəsilə qeydə alınan yeraltı proseslərdir. Yəni bu cür təkanların baş verməsi özlüyündə hər hansı təhlükənin göstəricisi deyil".
Xatırladaq ki, zəlzələ yerli vaxtla saat 22:09 radələrində baş verib. Təkanların episentri Xəzər dənizində, Bakıdan təxminən 15–25 km cənub-şərqdə yerləşib. Zəlzələnin maqnitudası müxtəlif mənbələrdə fərqli göstərilsə də, beynəlxalq kataloqlarda 6,8 olaraq qeyd olunur. Zəlzələ Bakıda, Sumqayıtda və ölkənin bir sıra digər ərazilərində hiss olunub. Güclü təkanlar insanlarda ciddi təşviş yaradıb, bir çox sakin evlərini tərk edərək küçələrə çıxıb. Hadisə nəticəsində binalara ziyan dəyib, bəzi tikililər ciddi zədələnib, yüzlərlə insan xəsarət alıb. Rəsmi və beynəlxalq hesabatlarda ölənlərin sayı 31, yaralananların sayı isə 400-dən çox göstərilir.
