“Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun NATO qoşunlarının Ukraynaya göndərilməsi haqda çağırışı Rusiya ilə müharibəyə səbəb ola bilər”.
Referans Media xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O xatırladıb ki, məhz Conson münaqişənin əvvəlində “Kiyev bandasını” sülh müqaviləsi imzalamaqdan çəkindirib, indi isə NATO qoşunlarının dərhal Ukraynaya daxil olmasını müdafiə edir.
“Dağınıq saçlı degenerat Conson həm də nadir təxribatçıdır. Birdən Rusiya ilə NATO arasında müharibə baş verərsə, Conson mütləq Trafalqar meydanında dar ağacından asılmalıdır. Qoy tüklü sosiska gələcək nəsillərə ibrət olsun deyə orada sallansın. Orta əsrlərdə olduğu kimi, həftələrlə asılı qalsın və üfunət saçsın”, – deyə Medvedev bildirib.
Bundan bir gün əvvəl Conson “İstəkli dövlətlər koalisiyası”na daxil olan ölkələrin qoşunlarının artıq indidən Ukraynaya göndərilməsinə çağırıb. Onun sözlərinə görə, NATO qüvvələrinin Ukraynada yerləşdirilməsi məsələsi Kremlin səlahiyyətinə aid deyil. O hesab edir ki, bu addımla alyans Rusiya Prezidenti Vladimir Putinə Ukraynanın hərbi bloka üzv olacağı barədə “tam aydın mesaj” verə bilər.
Böyük Britaniyanın keçmiş baş naziri əminliyini ifadə edib ki, “İstəkli dövlətlər koalisiyası”nın qoşunları Ukraynanın arxa cəbhə bölgələrində yerləşdirilərsə, onlar üçün heç bir təhlükə olmayacaq. Onun fikrincə, hərbçilər orada yalnız “simvolik statusda” fəaliyyət göstərəcəklər. Bununla da Ukraynanın öz ərazisində hansı ölkələrin qoşunlarını yerləşdirəcəyinə müstəqil qərar vermək hüququ vurğulanacaq./Globalinfo.az/
