Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbərliyindən getməsi qurumun gələcək taleyi ilə bağlı müzakirələri artırıb. İndi əsas sual DİM-in yeni rəhbərinin kim olacağıdır. Artıq bu posta mümkün namizədlərin də adları çəkilir. Onlar arasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov da var.
DİM-in yeni sədri kim ola bilər? Yeni rəhbərliklə qəbul və imtahan sistemində dəyişikliklər gözlənilirmi?
Referans Media-ın məlumatına görə, Globalinfo.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Vüsət Əzizov deyib ki, bunu yalnız mümkün namizədlərin adları üzərindən müzakirə etmək doğru deyil:
“Çünki burada söhbət təkcə bir qurumun rəhbər dəyişikliyindən yox, Azərbaycanın ali və orta ixtisas təhsilinə qəbul, buraxılış imtahanları, ümumilikdə qiymətləndirmə siyasətinin gələcək istiqamətindən gedir. Yeni sədrin müəyyənləşdirilməsi zamanı əsas məsələ onun hansı universitetə rəhbərlik etməsi deyil, qiymətləndirmə sisteminə hansı yanaşmanı gətirəcəyidir. Mətbuatda adı hallanan Elmar Qasımov və Rüfət Əzizovun təhsil idarəçiliyi sahəsində təcrübələri var. E.Qasımov uzun müddət təhsil nazirinin müavini vəzifəsində çalışıb, 2012-ci ildən Bakı Ali Neft Məktəbinə rəhbərlik edir. R.Əzizov isə ADNSU-da rektor olmamışdan əvvəl Təhsil İnstitutunun direktoru, Sumqayıt Dövlət Universitetinin rektoru kimi çalışıb. Bunlar onların peşəkar fəaliyyətindən irəli gələn faktlardır, lakin hər hansı rəsmi namizədlik təsdiqlənməyib. Maraqlı məqam odur ki, R.Əzizov özü də DİM-ə sədr təyin olunacağı ilə bağlı məlumatı mediadan oxuduğunu və bu barədə başqa məlumatının olmadığını bildirib”.
Vüsət Əzizov
Ekspert qeyd edib ki, yeni sədrin təyin olunması avtomatik olaraq qəbul və imtahan modelinin dəyişməsi demək deyil:
“DİM artıq uzun illər ərzində formalaşmış institusional təcrübəyə, test banklarına, qiymətləndirmə mexanizmlərinə və böyük texniki infrastruktura malikdir. Bu sistemin bir rəhbərin dəyişməsi ilə köklü şəkildə yenidən qurulması nə zəruridir, nə də məqsədəuyğun olardı. Amma bu, sistemdə yeniliklərə ehtiyac olmadığı anlamına gəlmir. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, DİM-in əsas missiyası yalnız tələbə seçmək deyil, eyni zamanda qiymətləndirmədə ictimai etimadı qorumaqdır. DİM sədrini elə hazırda qurumda çalışan öz əməkdaşlarından təyin etmək daha məqsədəuyğun olar. DİM spesifik bir qurumdur, effektli fəaliyyət üçün bu sahəni yaxşı bilən mütəxəssis lazımdır.
Qanunvericiliyə əsasən, yeni sədr Prezidentin sərəncamı ilə müəyyənləşdiriləcək. Hər bir halda DİM-də əsas gözlənti sistemin müasirləşməsidir. Məleykə Abbaszadənin rəhbərliyi dövründə formalaşmış müsbət təcrübə qorunmalı, eyni zamanda dövrün tələblərinə uyğun yeni yanaşmalar tətbiq edilməlidir. Yeni rəhbər bu etimadı qorumaqla yanaşı, cəmiyyətin dəyişən gözləntilərinə də cavab verməlidir”.
Qeyd edək ki, DİM-in yeni sədri postuna mümkün namizədlər sırasında bir neçə tanınmış şəxsin adı hallanır. Onlardan biri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovdur. O, uzun illər təhsil idarəçiliyi sahəsində çalışıb, 2012-ci ildən BANM-ə rəhbərlik edir. Digər ehtimal olunan namizəd Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovdur. O, bundan əvvəl Təhsil İnstitutunun direktoru və Sumqayıt Dövlət Universitetinin rektoru vəzifələrində çalışıb. Mediada adı çəkilən digər şəxslər iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovadır. Bununla belə, sadalanan şəxslərdən heç birinin DİM sədri vəzifəsinə namizədliyi rəsmi şəkildə təsdiqlənməyib. Qanunvericiliyə əsasən, qurumun yeni sədri Prezidentin sərəncamı ilə təyin ediləcək.

