ABŞ Prezidenti Donald Tramp ölkəsinin süni intellekt sahəsində liderliyini qorumaq məqsədilə yeni struktur yaradacağını açıqlayıb. Tramp bu təşəbbüsü ABŞ-ın ilk prezidentliyi dövründə yaradılan Kosmik Qüvvələrə bənzədərək “Süni İntellekt Qüvvələri” adlandırıb.
Referans Media-nın xəbərinə görə, Tramp bildirib ki, süni intellekt sahəsinin inkişafına maneə yaradılmayacaq, əksinə, bu sürətlə böyüyən sektor dövlət tərəfindən dəstəklənəcək.
“Bu inanılmaz sənayenin böyüməsinə heç bir şəkildə mane olmayacağıq və onun inkişafını ləngitməyəcəyik. Əksinə, onun böyüməsini dəstəkləyəcək və bu prosesi yaxından izləyəcəyik. Bu məqsədlə, ilk prezidentliyim dövründə yaratdığım və böyük uğur qazanan Kosmik Qüvvələrə bənzər süni intellekt qüvvələri formalaşdırıram”, – deyə Tramp bildirib.
Süni intellektə yeni ad təklif etdi
ABŞ prezidenti bununla yanaşı, “süni intellekt” ifadəsinin dəyişdirilməsini də təklif edib.
Trampın sözlərinə görə, bir çox insan “süni intellekt” ifadəsinin bu texnologiyanın mahiyyətini tam əks etdirmədiyini düşünür.
O, bu anlayışın əvəzinə “Superior Intelligence” (Üstün Zəka), “Extreme Intelligence” (Ekstremal Zəka) və “Supreme Intelligence” (Ali Zəka) ifadələrindən birinin istifadə olunmasını təklif edib.
Tramp bu üç variantdan hansının daha uyğun olduğu ilə bağlı ictimai sorğu da başladıb.
Yeni təşəbbüs ABŞ-ın süni intellekt sahəsində texnoloji üstünlüyünü qorumaq və bu istiqamətdə dövlət siyasətini daha da gücləndirmək məqsədi daşıyır.
