Fransanın kəşfiyyat xidmətlərinin Rusiyadan gözlənilən mümkün genişmiqyaslı hücumla bağlı yeni qiymətləndirmə apardığı bildirilir. İddialara görə, daha əvvəl 2030-cu il üçün nəzərdə tutulan mümkün hücum ssenarisi artıq 2027-ci ilin payızına çəkilib.
Referans Media xəbər verir ki, Fransanın dövlət yayımçısı "France" Televiziyası kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, mümkün hücum zamanı elektrik stansiyaları və enerji şəbəkələri, dəmir yolları, telekommunikasiya sistemləri və içməli su infrastrukturu kimi kritik obyektlər hədəfə alına bilər.
Fransanın hərbi kəşfiyyatının keçmiş yüksək rütbəli əməkdaşlarından Alen Kristien mümkün ssenarilərdən birinin müdafiə sənayesinə aid obyektə partlayıcı daşıyan pilotsuz uçuş aparatı ilə hücum ola biləcəyini bildirib.
Onun sözlərinə görə, belə bir hücumun arxasında məhz Rusiyanın dayandığını sübut etmək də çətin ola bilər.
Fransa Prezidenti Emmanuel Makron isə ölkənin kritik infrastrukturunun PUA və kiberhücumlara qarşı qorunması məqsədilə xüsusi plan hazırlanacağını açıqlayıb.
Fransa hakimiyyəti son dövrdə Rusiya ilə əlaqələndirilən hibrid təhdidlərin artdığını düşünür. Moskva isə Avropa ölkələrinin bu istiqamətdəki ittihamlarını rədd edir.
Qeyd: Söhbət təsdiqlənmiş hücum tarixindən deyil, Fransız kəşfiyyatına aid olduğu bildirilən mümkün ssenari üzrə qiymətləndirmədən gedir.
