İrandan dünya gündəmini dəyişə biləcək addım: NPT-dən çıxış gündəmdə

İranda bir qrup deputat ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.

Referans Media xəbər verir ki, İran parlamentinin deputatı Hüseynəli Hacı Dəliqani bildirib ki, qanun layihəsi artıq müzakirəyə hazırdır. Sənədin parlamentdə müzakirəyə çıxarılması üçün spiker Məhəmməd Baqir Qalibafın təsdiqi tələb olunur.

Dəliqani ölkənin hazırkı vəziyyətini əsas gətirərək İranın NPT-də qalmasının Tehran üçün itkilər yaratdığını iddia edib.

“Ölkənin üzləşdiyi vəziyyət və düşmənin bizə qarşı iki dəfə təcavüz həyata keçirməsi fonunda NPT-də qalmaq bizə yalnız zərər gətirir”, – deyə deputat bildirib.

O, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İrana qarşı son qərarına diqqət çəkib. Agentliyin Rəhbərlər Şurası İranın nüvə silahlarının yayılmaması ilə bağlı öhdəliklərini pozduğunu əsas gətirərək məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaq qərarı verib.

Dəliqani hesab edir ki, yaranmış vəziyyətdə İran NPT-dən çıxmaq məsələsini nəzərdən keçirməlidir.

“Görünür, NPT-dən çıxmağımız lazım gələ bilər ki, öz işlərimizi özümüz idarə edə bilək”, – deyə o qeyd edib.

İran NPT-yə imza atan ölkələrdən biridir və müqaviləyə əsasən nüvə silahı istehsal etmək hüququ yoxdur. Tehran isə dəfələrlə nüvə silahı hazırlamadığını və nüvə proqramının dinc məqsədlər daşıdığını bəyan edib.

İranın yüksək səviyyəli təhlükəsizlik rəsmisi Möhsün Rzayi də ölkənin nüvə doktrinasının dəyişmədiyini bildirib. Bununla yanaşı, o, İranın NPT-dən çıxmaq məsələsini nəzərdən keçirdiyini açıqlayıb.

Rzayinin sözlərinə görə, bu qərarın qəbul edilib-edilməməsi ABŞ-ın bundan sonra atacağı addımlardan asılı olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki