ABŞ Prezidenti Suriyaya sanksiyaları LƏĞV ETDİ – Müdafiə büdcəsini imzaladı

ABŞ Prezidenti Donald Tramp, Suriya sanksiyalarının aradan qaldırılmasını da nəzərdə tutan 901 milyard dollarlıq 2026-cı il Milli Müdafiə Səlahiyyətləri Aktını (NDAA) imzalayaraq qanuniləşdirdi.

Referans Media xəbər verir ki, Prezident Tramp, Ağ Evdə mətbuata qapalı keçirilən imzalanma mərasimində iri həcmli müdafiə büdcəsini təsdiqlədi.

Qeyd olunan 901 milyard dollarlıq müdafiə büdcəsi eyni zamanda Suriyaya qarşı tətbiq olunan sanksiyaları ehtiva edən Sezar Qanununun ləğvini də nəzərdə tuturdu. Beləliklə, Trampın imzası ilə Suriya sanksiyaları rəsmi şəkildə aradan qaldırılmış oldu.

Sezar Qanunu qüvvədən düşür

2026-cı il müdafiə büdcəsinin ən diqqətçəkən məqamlarından biri, 2019-cu ildə qəbul edilən və Suriyaya sanksiyalar tətbiq edən Sezar Suriya Mülki Əhalinin Müdafiəsi Qanununun ləğv edilməsidir. Büdcə mətninə əlavə edilən xüsusi müddəa layihənin qanuniləşməsi ilə Sezar Qanununun rəsmi olaraq qüvvədən düşməsini təmin edir. Layihədə sanksiyaların ləğvi müəyyən şərtlərlə bağlanır. Bu çərçivədə ABŞ Prezidentinin məsələ ilə bağlı ilk hesabatı 90 gün ərzində, daha sonra isə 4 il boyunca hər 180 gündə bir müvafiq Konqres komitələrinə təqdim etməsi nəzərdə tutulur.

2019-cu ildə qüvvəyə minən Sezar Qanunu, Bəşər Əsəd hakimiyyəti dövründə Suriyanın iqtisadi bərpasını məhdudlaşdırmaq məqsədilə ABŞ tərəfindən tətbiq edilmişdi. Qanunun ləğvi, 2025-ci ilin martında prezident Əhməd Şara rəhbərliyi altında formalaşan yeni Suriya hökumətinin dəstəklənməsi çərçivəsində ölkəyə xarici investisiya və beynəlxalq yardımların yenidən axınının önünü aça bilər.

Müdafiə büdcəsində Rusiya və Çin amili

Müdafiə büdcəsində diqqət çəkən digər məqam isə ABŞ-ın Rusiya və Çinlə hərbi rəqabət imkanlarını gücləndirməyə yönəlmiş çoxsaylı müddəaların yer almasıdır. Buna əsasən, Rusiya–Ukrayna müharibəsi kontekstində Ukraynaya təxminən 400 milyon dollar məbləğində müdafiə yardımı ayrılması nəzərdə tutulur. Bu vəsait Ukrayna ordusu üçün silah tədarükü həyata keçirən ABŞ şirkətlərinə ödənişlərin edilməsində istifadə olunacaq.

Büdcə, eyni zamanda Pentaqonun Avropada yerləşdirilmiş ABŞ hərbçilərinin sayını 76 min nəfərdən aşağı salmasını qadağan edən müddəanı da ehtiva edir. NDAA, amerikalı şəxslər və ABŞ şirkətlərinin Çinlə həssas texnologiyalar sahəsində apardıqları bütün əməliyyatlar barədə Xəzinədarlıq Nazirliyinə məlumat verməsini məcburi edir.

Bundan əlavə, büdcə bəzi Çin biotexnologiya şirkətlərinin federal vəsaitlərdən yararlanmasını qadağan edən “Biotəhlükəsizlik Qanunu”nu da əhatə edir. Qanun layihəsi Tayvana 1 milyard dollar, ABŞ-ın regiondakı əsas müttəfiqlərindən olan Filippinlərə isə 1,5 milyard dollar məbləğində müdafiə dəstəyinin göstərilməsini nəzərdə tutur.

İsrailə hərbi dəstək davam edir

Layihə, İsrailin intensiv istifadə etdiyi “Dəmir Qübbə” və “Davudun Sapanı” kimi raketdən müdafiə sistemlərinin tam maliyyələşdirilməsi də daxil olmaqla, bu ölkəyə genişmiqyaslı müdafiə dəstəyini ehtiva edir.

Mətnə əsasən, ABŞ-ın İsrailin müdafiə istehsalı ehtiyaclarını qarşılamaq imkanlarının müntəzəm olaraq qiymətləndirilməsi tələb olunur. Digər tərəfdən, 2026-cı il müdafiə büdcəsi 1991 və 2002-ci illərdə İraqa qarşı qəbul edilmiş Hərbi Gücdən İstifadə Səlahiyyətlərini (AUMF) də ləğv edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki