Almaniyanın bir sıra federal əyalətlərində yüksək temperatur və quraqlıq səbəbindən kütləvi meşə və bitki örtüyü yanğınları tüğyan edir.
Referans Media yerli mediaya istinadla xəbər verir ki, Şimali Reyn-Vestfaliyanın Hirtqenvald ərazisində qeydə alınan tarixi yanğın sahəsində açıq alov söndürülüb, Qey rayonundan təxliyə olunmuş 1800 sakin evlərinə qayıdıb.
Belçika ilə həmsərhəd Monşau şəhəri yaxınlığında isə 3 min hektara çatan yanğının Almaniyaya keçmə riski azalsa da, sıx tüstü səbəbindən 5 min nəfərlik əhaliyə xəbərdarlıq edilib.
Bavariyanın Valdaşaff ərazisində yanğınla əlaqədar 80 sakin təxliyə edilib, yanğın nəzarətə götürüldükdən sonra onlar geri qayıdıblar. Reynland-Pfalts əyalətində Lanqşayd bölgəsində yanğının söndürülməsi işləri zamanı 22 xilasedici xəsarət alıb.
Analoji yanğın ocaqları Saarland, Saksoniya, Türingiya və Baden-Vürtemberq əyalətlərində də qeydə alınıb. Həyata keçirilən operativ tədbirlər nəticəsində əksər bölgələrdə alovun yayılmasının qarşısı alınıb.
