Oktyabrın 8-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Məhərrəm oğlu Bayramovun imzaladığı rəsmi əmrə əsasən, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktor müavini – baş həkim Fikrət Bayraməli oğlu Cəfərova sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Referans Media-nın əldə etdiyi məlumata görə, bu qərar TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin apardığı araşdırma nəticəsində aşkar edilən nöqsanlar səbəbindən qəbul olunub.
Baş həkimin əmək və icra intizamını pozduğu müəyyən edilib.
İntizam tənbehi tədbiri olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndi və TƏBİB-in Nizamnaməsinin müvafiq yarımbəndi rəhbər tutulub. Əmrə əsasən, Fikrət Cəfərov sənədin mətni ilə tanış edilməli və töhmət onun şəxsi işinə tikilməlidir.
Maraqlıdır ki, cəmi 3 həftə sonra isə həmin şəxsə xəstəxanın direktoru vəzifəsi həvalə edilib. Belə ki, TƏBİB-in icraçı direktor vəzifəsini müvəqqəti icra edən Bahadur Rzayevin müvafiq əmri ilə oktyabrın 29-da həmin xəstəxananın direktoru vəzifəsinin icrası Fikrət Bayraməli oğlu Cəfərova həvalə edilib.
Əmrə əsasən, vəzifələrin icrası 2026-cı il oktyabrın 29-dan noyabrın 17-dək olan dövrü əhatə edir.
Qeyd edək ki, Anar Bayramov oktyabrın 19-da TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilərək, səhiyyə naziri təyin olunub. TƏBİB-in icraçı direktoru vəzifəsinin icrası isə Bahadur Rzayevə həvalə edilib./Bizim.Media/
