Albaniyada müxalif Demokrat Partiyasının deputatları davam edən etirazlar fonunda parlament iclasının işini pozmağa cəhd ediblər. Onlar iclas zalında məşəllər və tüstü bombaları yandırıblar.
Referans Media xəbər verir ki, hadisə parlamentin iclası zamanı baş verib.
Müxalifət nümayəndələri parlamentdəki kürsünü mühasirəyə alaraq çıxış yolunu bağlayıb, məşəllər və tüstü bombaları yandırıblar. Daha sonra kürsüdən çıxan deputatlar əllərində etirazçıların və polis əməkdaşlarının fotolarını tutublar. Fotolardan birində beş təhlükəsizlik əməkdaşının bir etirazçını mühasirəyə aldığı əks olunub.
Hadisə parlamentin rəsmi YouTube kanalında yayımlanıb.
Müxalifət deputatlarının etirazına baxmayaraq, hakim Sosialist Partiyasının üzvləri qanun layihələri üzrə səsverməyə başlayıblar.
“Sizin hərəkətləriniz qaydaların ciddi şəkildə pozulmasıdır. Biz dərhal səsvermə tələb edirik”, – deyə Sosialist fraksiyasının rəhbəri Taulant Balla bildirib.
BTSH-nin məlumatına görə, səhər keçirilən iclasda Demokrat Partiyasının lideri Sali Berişa hakim Sosialist Partiyasını etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməkdə ittiham edib./ajans.az/
