Antalyada DƏHŞƏT baş verdi - Ölənlər var

Türkiyənin Antalya şəhərində meydana gələn güclü tornado nəticəsində 4 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.

Referans Media xəbər verir ki, zərərçəkənlərin hamısı tikinti meydançasının fəhlələridir.

Türkiyə mediasının məlumatına görə, faciə oktyabrın 26-da yerli vaxtla saat 23:00 radələrində Kepez rayonunun Fevzi Çakmak məhəlləsində baş verib.

Hadisədən əvvəl Antalyada güclü yağış və külək müşahid olunub. Türkiyə Meteorologiya Xidməti leysan səbəbindən bölgədə öncədən "sarı" xəbərdarlıq səviyyəsi elan edib.


Tornado yaşayış kompleksinin tikinti ərazisində qəfil yaranıb. Güclü burulğan fəhlələrin qaldığı iki konteyneri darmadağın edərək daxildəki 5 nəfəri çölə atıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım, polis və xilasedicilər cəlb olunub. Fəhlələrdən 2-si hadisə yerində, digər 2-si isə çatdırıldıqları xəstəxanada dünyasını dəyişib. Beşinci fəhlənin vəziyyəti isə kafi qiymətləndirilir.

Dəhşətli burulğan tikinti meydançasındakı qüllə kranını da aşırdıb. Lakin Antalya valisi Hulusi Şahin fəhlələrin ölümünün kranın aşması ilə bağlı olmadığını bildirib.

Hadisə yerinə gələn vali baş verənləri nadir təbiət hadisəsi kimi qiymətləndirib. O, tornadonun lokal xarakter daşıdığını, şəhərin digər ərazilərində və yaxınlıqdakı binalarda ciddi zərər qeydə alınmadığını diqqətə çatdırıb./NOCOMMENT.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki