“Daltonlar”ın gizli planı üzə çıxdı: 30 vilayətdə əməliyyat keçirildi

Türkiyədə “Daltonlar” adlı mütəşəkkil cinayətkar dəstəyə qarşı genişmiqyaslı əməliyyat keçirilib. İstanbul mərkəzli 30 vilayətdə eyni vaxtda həyata keçirilən əməliyyatlar nəticəsində 30-u uşaq olmaqla, ümumilikdə 85 şübhəli saxlanılıb.

Referans Media xəbər verir ki, İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası və Kəşfiyyat Şöbəsinin dəstəyi ilə aparılan araşdırma çərçivəsində dəstənin fəaliyyəti üzə çıxarılıb.

İstintaq materiallarına əsasən, xaricdən idarə olunduğu ehtimal edilən cinayətkar qruplaşma sosial şəbəkələr vasitəsilə hücumlarda iştirak edəcək şəxslər cəlb edib. Həmin şəxslərin qapalı WhatsApp qruplarında birləşdirildiyi və burada cinayət əməllərinin təşkil olunduğu müəyyən edilib.

Polis əməkdaşları mesajlaşma qruplarını araşdırarkən cinayət şəbəkəsi ilə əlaqəli olduğu ehtimal edilən şəxslərin kimliyini müəyyənləşdiriblər. İstintaq zamanı şübhəlilərin yeni hücumlara hazırlaşdıqları barədə məlumat əldə olunub. Bundan sonra İstanbul, Şırnak, Kayseri, Ankara, İzmir, Bursa, Qaziantep, Hatay, Kocaeli, Mersin və digər vilayətlər də daxil olmaqla, 30 vilayətdə eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı cinayətkar dəstə ilə əlaqəli olduğu ehtimal edilən 85 nəfər saxlanılıb. Onlar ifadələrinin alınması və digər prosessual tədbirlərin həyata keçirilməsi üçün İstanbul Polis İdarəsinə aparılıblar.

Əməliyyatın diqqətçəkən məqamlarından biri saxlanılan şəxslərin yaş tərkibi olub. Belə ki, 85 şübhəlidən 30-nun yetkinlik yaşına çatmadığı müəyyən edilib. Bu isə saxlanılanların təxminən üçdə birinin uşaq olduğunu göstərir.

Araşdırma çərçivəsində “Daltonlar” cinayətkar qruplaşmasının idarəetmə strukturu ilə bağlı da məlumatlar əldə edilib. Qırmızı bülletenlə axtarışda olan Beratcan Gökdemirin dəstəni Rusiyadan idarə etdiyi ehtimal olunur.

Hazırda saxlanılan şəxslərlə bağlı hüquqi prosedurlar davam edir. Cinayətkar şəbəkənin fəaliyyəti ilə bağlı istintaq tədbirləri isə davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki