ABŞ-ın Maliyyə naziri Skott Bessent (Scott Bessent) NATO-nun Avropa üzvü olan ölkələrini Ukraynanı "Patriot" zenit-raket kompleksləri ilə təmin etməyə tələsməməkdə günahlandırıb.
Referans Media xəbər verir ki, NBC News telekanalına müsahibə verən amerikalı nazir Avropa müttəfiqlərinin kifayət qədər belə sistemlərə malik olduğunu, lakin onları Kiyevə təhvil verməkdən çəkindiklərini diqqətə çatdırıb.
Skott Bessent Avropanın imkanlarına toxunaraq bildirib:
"Prezident Zelenski “Patriot” sistemləri istəyəndə, NATO-nun Avropa üzvlərində bunlardan bol miqdardadır. Bəs niyə onları verməyə tələsmirlər? Almaniya hardadır?".
ABŞ Maliyyə naziri Ukrayna Prezidenti Volodimir Zelenskini süni dilemma yaratmaqda ittiham edib.
Onun sözlərinə görə, müharibənin mütləq Ukraynanın hərbi qələbəsi ilə bitməli olduğu ideyası yanlışdır və əsas hədəf münaqişəni diplomatik yolla dayandırmaqdır.
Nazir vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp bu müharibənin tezliklə başa çatmasını istəyir və məsələnin danışıqlar masası arxasında həlli üçün hər gün çalışır.
