image-nomre-masinbackend

Avtomobil nömrələrini addan ada keçirmək mümkün olmayacaq?

Son illər Azərbaycanda xüsusi seçilən avtomobil nömrələrinin alqı-satqısı geniş yayılıb. Bəzi hallarda sürücülər avtomobili deyil, məhz dövlət qeydiyyat nişanını ayrıca satmağa çalışırlar. Lakin son vaxtlar bu məsələdə qaydaların sərtləşdirildiyi, nömrələrin artıq addan-ada ayrıca keçirilməsinin mümkün olmadığı bildirilir.

Bəs qanunvericilik bu barədə nə deyir, praktikada proses necə tənzimlənir?

Referans Media  xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat mütəxəssisi Azər Quliyev prosesi belə izah edib: “Qanunla bir avtomobilə bir nömrə nəzərdə tutulub. Bəzən avtomobil satılır, üzərində də bahalı nömrəsi olur, amma şəxs nömrəni satmaq istəmir və düşünür ki, başqa avtomobili alaraq onun üzərinə yerləşdirəcək. Bu zaman satılan avtomobil başqasının adına qeydiyyat olur, ona yeni nömrə təyin olunur. Ancaq bahalı nömrə üçün bildirirlər ki, çox saxlaya bilmirik, avtomobil üzərində qeydiyyatdan keçirmək lazımdır. Həmin avtomobil orada olmalıdır ki, nömrə həmin avtomobilin üzərinə bağlansın. Qanunda nömrəni “bron” etmək yoxdur. Praktikada isə şəxsə 2-3 il müddət verirlər ki, şikayət olmasın. Müəyyən müddət ərzində başqa avtomobil üzrə qeydiyyat aparılmazsa, dövlət o nömrəni satışa çıxarır. Nömrə şəxsin özünə verilmir, bu, qanunla cinayətkarlığa yol aça bilər. Avtomobil varsa, üzərinə keçirmək olar. Qanunla dövlət nömrəni satışa çıxarsa, sürücü nəisə deyə bilməz ki, mənim nömrəmi niyə satışa çıxardın. Nömrəyə etiraz yoxdursa, əvvəlki sahibinin istəyi ilə avtomobillə birgə də satıla bilər. Əvvəlki sahibi nömrəyə etiraz edərsə, nömrə satılmır, avtomobil tək satılır, o nömrəni də başqa avtomobil üzrə qeydiyyatdan keçirilir. Bəzən yazırlar ki, bahalı nömrə satılır, harada olduğu soruşulduqda isə deyilir ki, nömrə yol polisində “bron” edilib. Qanunda nömrəni saxlatmaq yoxdur. Maşın satılıb, nömrə qalıb, sahibi isə satılmasını istəyir. Belə hallar müşahidə edilsə də, qeyri-leqal hərəkət hesab edilir”.

Hüquqşunas Afaq Əliyeva qeyd edib ki, qanunvericiliyə görə dövlət nömrəsini avtomobildən ayrı şəkildə sərbəst satmaq mümkün deyil: “Dövlət qeydiyyat nişanı (dövlət nömrəsi) mülki dövriyyənin müstəqil obyekti hesab olunmur. O, nəqliyyat vasitəsinə bağlıdır və səlahiyyətli orqan (DİN) tərəfindən dövlət qeydiyyatı çərçivəsində verilir. Yəni klassik mənada nömrə üzərində ayrıca “mülkiyyət hüququ” mövcud deyil. Nömrə ya avtomobillə birlikdə ötürülür, ya da ciddi qaydalar çərçivəsində istifadə olunur. Praktikada müəyyən dolayısı yollar mövcuddur, lakin onlar qanunla qorunmur və risklidir. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı qaydalarına əsasən qeydiyyat nişanı konkret avtomobilə təhkim olunur, avtomobil özgəninkiləşdirildikdə (satıldıqda) nömrə, bir qayda olaraq, onunla birlikdə verilir. Yalnız nömrənin avtomobilsiz başqa şəxsin adına keçirilməsi nəzərdə tutulmur. Başqa sözlə, avtomobili nəzərə almadan yalnız nömrənin satılması və ya “keçirilməsi” qanunla açıq şəkildə yol verilən hal deyil”.
Hüquqşünas onu da əlavə edib ki, praktikada müəyyən istisnalar mövcuddur: “Avtomobil satılarkən nömrənin əvvəlki sahibdə saxlanılması (sonradan onun digər avtomobilinə quraşdırılması) – əgər bu, qeydiyyat prosedurları ilə icazə verilirsə, xüsusi nömrələrin rəsmi prosedurlar (hərraclar, artırılmış dövlət rüsumları və s.) vasitəsilə əldə edilməsi… Lakin bu, fiziki şəxslər arasında nömrələrin sərbəst alqı-satqısı demək deyil. Faktiki olaraq qeyri-rəsmi hallara da rast gəlinir. Tərəflər nömrəni “ötürmək” üçün formal (saxta) avtomobil satışı rəsmiləşdirirlər və ya üçüncü şəxslər vasitəsilə razılaşırlar. Lakin bu cür hərəkətlər “boz zona”ya daxildir və qeydiyyat qaydalarına zidd ola bilər. Belə əməliyyatların hüquqi təminatı yoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki