Azərbaycanda fərdi evlərdə günəş panellərinin quraşdırılmasına maraq artır. Alternativ enerji mənbələrindən istifadə elektrik enerjisi xərclərini azaltmaq imkanı yaratsa da, sistemlərin quraşdırılma qiyməti evin yerləşdiyi ərazidən, enerji sərfiyyatından və digər amillərdən asılı olaraq dəyişir. Bu baxımdan günəş panellərinə çəkilən ilkin xərcin nə qədər müddətə özünü doğrultması da diqqət çəkən məsələlərdəndir.
Referans Media-ya açıqlama verən Helindenerji şirkətinin direktoru Orxan Quluzadə bildirib ki, günəş paneli sistemlərinin qiyməti fərdi qaydada hesablanır.
Onun sözlərinə görə, Bakıda aylıq orta hesabla 100 manat elektrik enerjisi sərfiyyatı olan evdə bu xərci sıfıra endirmək üçün sistemin qiyməti təxminən 6-7 min manat təşkil edir. Bu isə illik 1200 manatlıq elektrik enerjisi sərfiyyatı olan evlər üçün nəzərdə tutulan təxmini məbləğdir.
Ekspert qeyd edib ki, eyni sistemi Lənkəran və ya Qusar kimi ərazilərdə quraşdırmaq istədikdə qiymət daha yüksək ola bilər. Bunun birinci səbəbi həmin ərazilərdə günəş radiasiyasının daha az olmasıdır. Nəticədə eyni miqdarda enerji əldə etmək üçün panellərin sayı artırılmalıdır. İkinci səbəb isə ərazinin uzaqda yerləşməsi ilə əlaqədar əlavə xərclərin yaranmasıdır.
Orxan Quluzadə bildirib ki, hətta Bakı daxilində də evlər arasında fərqlər yaranır. Bu, evlərin yerləşməsindən və günəşə baxma bucağından asılı ola bilər. Eyni enerji sərfiyyatını qarşılamaq üçün bəzi evlərdə daha çox panelə ehtiyac duyulur. Buna görə də hər bir layihə fərdi qaydada hesablanır.
Şirkət direktorunun sözlərinə görə, sistemin gücü artdıqca onun səmərəliliyi də yüksəlir. Məsələn, illik 5000 manat elektrik enerjisi sərfiyyatı olan evdə günəş paneli sistemi təxminən 4-5 ilə öz xərcini çıxara bilər. Aylıq 30-40 manat elektrik enerjisi sərfiyyatı olan evlərdə isə bu müddət 7-8 ilə qədər uzana bilər.
O bildirib ki, bunun səbəblərindən biri sistem böyüdükcə hər kilovata düşən qiymətin azalmasıdır. Digər səbəb isə yüksək enerji sərfiyyatı olan evlərdə daha yüksək tariflə hesablanan elektrik enerjisindən istifadənin çox olmasıdır. Belə hallarda həmin sərfiyyatın günəş enerjisi ilə əvəzlənməsi sistemin xərcini daha qısa müddətdə çıxarmağa imkan verir.
Ekspert əlavə edib ki, aylıq 20-30-40 manat elektrik enerjisi sərfiyyatı olan evlərdə günəş paneli sistemi quraşdırmaq o qədər də səmərəli olmaya bilər. Çünki sistemin qiymətindən əlavə, elektrik şəbəkəsinə qoşulma, sayğac və icazələrlə bağlı xərclər də mövcuddur. Bu xərclərin kiçik sistemlərin ümumi qiymətindəki payı daha yüksək olur.
Orxan Quluzadənin sözlərinə görə, aylıq 20-30 manatlıq sərfiyyatı olan evlərdə sistemin quraşdırılması üçün 1500-2500 manat civarında xərc yarana bilər. Bununla yanaşı, sayğac və digər məsələlərlə bağlı 300-400 manat əlavə xərc də tələb oluna bilər. Eyni əlavə xərclər aylıq 100 manat elektrik enerjisi sərfiyyatı olan evlərdə də yarandığından, kiçik sistemlərdə investisiyanın özünü doğrultma müddəti daha uzun olur.
Gülnaz Abdullazadə
