Bakıda evləri sökülənlərə ŞAD XƏBƏR: Vətəndaşa ödəniləcək kompensasiya ARTIRILACAQ

Bakıda köhnə və qəzalı binaların, eləcə də fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı proseslər davam edir. Söküntülər əsasən dövlət ehtiyacları üçün torpaqların alınması və özəl tikinti şirkətləri tərəfindən köhnə tikililərin yenilənməsi istiqamətində aparılır. Lakin çıxarışsız əmlaklar, kompensasiya məbləği, köçürülmə və uzunmüddətli məhkəmə çəkişmələri bu proseslərdə bir sıra problemlər yaradır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Referans Media-ya açıqlamasında Bakıda aparılan söküntülər zamanı vətəndaşların hüquqlarının qorunması və kompensasiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndirib.

“Hazırda xüsusilə paytaxt Bakı şəhərində daha çox iki formada söküntülər aparılır. Onlardan biri torpaqların dövlət ehtiyacı üçün alınması zamanı vətəndaşların əmlaklarının bazar dəyərinə uyğun qiymətləndirilməsi və kompensasiya olaraq pul ödənilməsidir. Daha sonra həmin ərazilər dövlət ehtiyacları üçün yeni avtomobil yollarının çəkilməsi, körpülərin tikilməsi və digər infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə istifadə olunur”.

Ekspert bildirib ki, digər istiqamət qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin özəl tikinti şirkətləri tərəfindən sökülərək yerində yeni binaların inşa edilməsidir:

“Digər tərəfdən isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin özəl tikinti şirkətləri tərəfindən sökülərək onların yerlərində yeni binaların inşa olunması prosesi baş verir”.

Onun sözlərinə görə, özəl tikinti şirkətləri tərəfindən aparılan söküntülər zamanı vətəndaşlara, bir qayda olaraq, yeni tikiləcək binalardan mənzillər təklif olunur:

“Hər hansı bir ərazi, fərdi yaşayış evləri və yaxud çoxmənzilli yaşayış binalarındakı mənzillər özəl tikinti şirkətləri tərəfindən sökülərkən vətəndaşlara tikiləcək yeni binalarda mənzillər verilir. Tikinti şirkətləri tərəfindən vətəndaşlara verilən mənzillərin ümumi sahəsi də vətəndaşın əvvəlki mənzilindən daha böyük olur”.

Elnur Fərzəliyev qeyd edib ki, yeni mənzil təqdim edilənədək vətəndaşların kirayə və köç xərclərinin qarşılanması da söküntü prosesinin əsas məsələlərindən biridir:

“Tikinti şirkətləri vətəndaşların evlərini söküb onlara yeni binalarda mənzillər verən günə qədər onlara kirayə və köç xərcləri verilir”.

Ekspert dövlət ehtiyacları üçün aparılan söküntülərdə isə əmlakların ərazi üzrə real bazar qiymətinə uyğun qiymətləndirilməsinin vacibliyini vurğulayıb:

“Torpaqların dövlət ehtiyacı üçün alınması zamanı vətəndaşların əmlakları ərazi üzrə bazar qiymətinə uyğun qiymətləndirilməli və kompensasiya olaraq pul verilməlidir”.

Fərzəliyev bildirib ki, Bakı və Abşeron ərazisində çıxarışsız daşınmaz əmlakların mövcudluğu söküntülər zamanı vətəndaşlar üçün ciddi problemlər yaradır:

“Hazırda təkcə paytaxt Bakı və Abşeron arasında 500-ə yaxın çıxarışsız müxtəlif növ daşınmaz əmlaklar var. Bəzi hallarda həmin əmlakların çıxarışlarının olmaması vətəndaşların əmlakları sökülərkən onlara bir çox problemlər yaradır”.

Ekspert vurğulayıb ki, çıxarışın olmaması həmin əmlakın qanunsuz şəkildə əldə edilməsi anlamına gəlmir. Çünki bir sıra hallarda vətəndaşların əlində müxtəlif dövlət qurumları tərəfindən verilmiş sənədlər mövcuddur:

“Vətəndaşların əmlaklarının çıxarışları olmasa da, həmin əmlaklarla bağlı bir zamanlar müxtəlif dövlət qurumları tərəfindən verilmiş müxtəlif növ sənədlər mövcuddur. Bir zamanlar bələdiyyələr tərəfindən verilmiş sərəncam və qərarlar, rayon icra hakimiyyətləri tərəfindən verilmiş sərəncamlar, kolxoz-sovxoz bağlar idarəsinin sənədləri və sair”.

“Təbii ki, vətəndaşlar həmin əmlakları müvafiq dövlət qurumlarından əldə edib və onların icazəsi ilə zamanında bu əmlaklar tikilib. Lakin müəyyən səbəblərdən həmin əmlaklar bu günə qədər çıxarışla təmin oluna bilmir”.

Elnur Fərzəliyev hesab edir ki, söküntü zamanı çıxarışın olub-olmamasından asılı olmayaraq əmlakların real bazar dəyəri nəzərə alınmalıdır:

“Söküntülər zamanı vətəndaşların əmlakları bazar qiymətinə uyğun formada qiymətləndirilməlidir. Düşünürəm ki, vətəndaşın evi dövlət ehtiyacı üçün alınan zaman ona kompensasiya verilərkən evinin qiymətindən daha artıq kompensasiya ödənilməlidir ki, vətəndaş həmin əraziyə yaxın ərazilərdə özünə hər hansı daşınmaz əmlak ala bilsin”.

Ekspertin sözlərinə görə, kütləvi söküntülər həmin ərazidə digər daşınmaz əmlakların qiymətinin də yüksəlməsinə səbəb olur:

“Çünki təcrübə göstərir ki, hər hansı bir ərazidə kütləvi söküntülər aparılan zaman həmin ərazidəki digər daşınmaz əmlakların satış qiymətlərində ciddi artımlar müşahidə olunur. Bu da tələbatın çox olması ilə əlaqədardır”.

Fərzəliyev çıxış yolu kimi sökülən ərazilərin yaxınlığında dövlət tərəfindən yeni yaşayış binalarının inşa edilməsini də təklif edib:

“Vətəndaşların evləri sökülərkən həmin əraziyə yaxın məsafədə müvafiq dövlət qurumları tərəfindən vətəndaşlar üçün yeni çoxmənzilli yaşayış binaları inşa olunarsa, bu, vətəndaşların evlərinin söküldüyü əraziyə daha yaxın ərazidə yerləşməsinə səbəb olar”.

“Aradakı narazılıqlar aradan qalxa bilər. Digər tərəfdən isə tikinti xərcləri dövlətin vətəndaşa verdiyi kompensasiyadan daha az olduğuna görə dövlət büdcəsi də bu sahədən qənaət etmiş olar”.

Ekspert söküntülər zamanı tərəflər arasında razılığın əldə olunmamasının prosesləri əhəmiyyətli dərəcədə uzatdığını da diqqətə çatdırıb:

“Əksər hallarda hər hansı bir ərazi sökülürsə, söküntü aparıldığı zaman ərazidə yaşayan sakinlərin böyük bir qismi tikinti şirkəti və yaxud dövlət qurumları ilə razılaşsa da, bir qisim insanların daha çox pul tələb etməsi nəticəsində söküntü prosesinin yubanması halları baş verir”.

“Bu zaman evlərin sökülməsini istəməyən və yaxud daha çox kompensasiya tələb edən şəxslər tikinti şirkətini və ya söküntü aparan qurumu məhkəməyə verərək uzun müddət məhkəmə prosesi vasitəsilə həmin söküntünün prosesini ləngidə bilərlər”.

Fərzəliyev bildirib ki, məhkəmə çəkişmələrinin uzun çəkməsi tikinti şirkətlərinə də ciddi maliyyə yükü yaradır:

“Bu zaman isə evləri sökülən vətəndaşlara tikinti şirkəti tərəfindən külli miqdarda kirayə pulları ödənilir. Bu da həmin şirkətin nəticə etibarilə daha sonra iflas olmasına gətirib çıxara bilər”.

Ekspertin fikrincə, bu cür problemlərin qarşısının alınması üçün söküntü proseslərində dövlət qurumlarının iştirakı artırılmalıdır:

“Hər hansı bir tikinti şirkəti qəzalı vəziyyətdə olan ərazini sökərək həmin ərazidə yeni binalar inşa edirsə, həmin şirkətin bu tikintilərin aparılması ilə bağlı müxtəlif və müvafiq dövlət qurumları tərəfindən rəsmi icazələri olur”.

O, vətəndaşlarla danışıqların yalnız tikinti şirkətinin üzərinə buraxılmasının düzgün olmadığını bildirib:

“Əgər bir ərazinin sökülməsi dövlətin rəsmi icazəsi ilə baş verirsə, bu zaman həmin ərazilərdə köçürmələr aparılan zaman, xüsusilə də tikinti şirkətləri ilə bərabər həmin tikintilərə icazə verən müvafiq dövlət qurumlarının nümayəndələri də olmalıdır”.

“Vətəndaşlarla danışıqlarda təkcə tikinti şirkətləri deyil, ərazi üzrə və icazə verən müvafiq dövlət qurumlarının nümayəndələri də danışıqları mütləq şəkildə şirkətlə bərabər aparmalıdırlar. Bu, vətəndaşlarda həmin şirkətə qarşı inam yaradacaq və şirkətlərin də üzləşdiyi problemlərin müvafiq dövlət qurumları tərəfindən nəzarətə götürülməsinə imkan verəcək”.

*Beləliklə, ekspert hesab edir ki, söküntü proseslərinin daha şəffaf və problemsiz həyata keçirilməsi üçün əmlakların real bazar dəyərinin nəzərə alınması, vətəndaşların sənədlərinin hüquqi statusundan asılı olmayaraq məsələyə fərdi yanaşılması və dövlət qurumlarının proseslərdə daha fəal iştirakı vacibdir. Bu yanaşma həm vətəndaşların narazılığını azaltmağa, həm də tikinti şirkətlərinin uzunmüddətli maliyyə və hüquqi problemlərlə üzləşməsinin qarşısını almağa kömək edə bilər.*


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki