Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Referans APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Aqil Layıc hakimə etiraz edib. Vəkil daha sonra müvəkkili ilə məsləhətləşdikdən sonra etirazı geri götürüb.
Bunun ardınca vəkillər vəsatətlə çıxış edib. Vəkil Rövşənə Rəhimli müvəkkilinin şüşə qəfəsdən çıxarılması və yanlarında əyləşdirilməsi ilə bağlı vəsatət qaldırıb.
Vəsatət təmin edilməyib.
Vəkil Aqil Layıc isə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib. Cinayət işinə xitam verilməsi ilə bağlı da məhkəməyə vəsatət təqdim edilib.
Azər Qasımlı bildirib ki, özünü iş üzrə təqsirli bilmir, əksinə, zərərçəkmiş şəxsdir. O, vəsatətlərin təmin edilməsini istəyib.
Məhkəmə həbs qətimkan tədbiriin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib. Digər vəsatətlərə isə növbəti prosesdə baxılacaq.
Proses iyulun 2-də davam etdiriləcək.
Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.