Azərbaycan görünməz hücumların hədəfində: nə etməliyik? – Ekspert açıqladı

Rəqəmsallaşmanın sürətlənməsi ilə dövlət qurumları, banklar, biznes strukturları və kritik infrastruktur sistemlərinin fəaliyyəti getdikcə daha çox texnologiyadan asılı vəziyyətə düşür. Lakin bu proses yeni təhlükəsizlik risklərini də artırır. Beynəlxalq mütəxəssislərin proqnozlarına görə, qarşıdakı il yarım ərzində kiberhücumlar daha geniş yayılacaq, mürəkkəb üsullarla həyata keçiriləcək və ciddi texniki fasilələrə səbəb olacaq.

Bu təhlükələrə Azərbaycanın dövlət qurumları, bank sektoru və özəl şirkətləri nə dərəcədə hazırlıqlıdır?

Referans Media xəbər verir ki, Globalinfo.az-a danışan rəqəmsal texnologiyalar üzrə mütəxəssis Eşqin Məmmədli maraqlı paralel aparıb:

“Orduda qoşunların döyüş hazırlığı müntəzəm yoxlanılır, çox vaxt da qəfildən həyəcan siqnalı verilir və baxılır ki, hissələr nə qədər tez toplanır, texnika işləyirmi, hər kəs öz yerini və vəzifəsini bilirmi? Sonra səhvlər düzəldilir və bir neçə aydan sonra yoxlama yenidən keçirilir. Kibertəhlükəsizlikdə də belə olmalıdır. Dövlət qurumlarının, bankların, enerji şirkətlərinin və mobil operatorların hücuma nə dərəcədə hazır olduğu vaxtaşırı və xəbərdarlıq edilmədən yoxlanılmalıdır. Azərbaycana kiberhücumlar demək olar ki, hər gün baş verir. Keçən il dövlət qurumlarına 850 hücum qeydə alınıb. Bu il oktyabrda 100-dən çox dövlət saytına eyni vaxtda hücum edildi, bəzi saytlar bir müddət açılmadı. Hakerlər bir neft-qaz şirkətinin sisteminə də giriblər, bəzi şirkətlərin e-poçtlarını ələ keçirməyə də çalışıblar”.

Mütəxəssis bildirib ki, dövlət bu məsələyə yetəri qədər ciddi yanaşır:

“Bu il Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı, yeni qanun da qəbul olundu. Dövlət qurumlarının kompüter şəbəkəsi yaxşı qorunur, keçən il bu qurumlar tərəfindən milyonlarla zərərli məktub vaxtında zərərsizləşdirilib. Banklar da bu məsələdə pis vəziyyətdə deyil. Bir bankda problem çıxanda bu barədə Mərkəzi Bank tərəfindən bütün banklara məlumat ötürülür, beləcə hamı vaxtında xəbər tutur. Amma hazırlığı yalnız qanunla və qurumla ölçmək olmur, onu sınamaq lazımdır. Onlar sistemə real hakerlər kimi girməyə çalışırlar, amma tapdıqları boşluğu gizlətmirlər. Ölkəmizdə bunun üçün artıq yerli platforma var: Qarabug (qarabug.az). Bu, Azərbaycanın ilk bug bounty platformasıdır. Şirkətlər burada öz saytlarını və tətbiqlərini yoxlanılmaq üçün təqdim edir, etik hakerlər isə həmin sistemlərdə boşluq axtarır. Tapılan hər boşluğu əvvəlcə platformanın komandası yoxlayır, sonra şirkət onu aradan qaldırır, boşluğu tapan mütəxəssis isə mükafat alır”.

Esqin Memmedli 142

Eşqin Məmmədli

E.Məmmədlinin sözlərinə görə, bütün qurumlar, dövlət də, özəl də, Qarabug və ya ona bənzər saytlarda hər ay yeni tapşırıqlar yerləşdirməlidir ki, boşluqları əsl hakerlərdən əvvəl bizim mütəxəssislər tapsın:

“Boşluq tapan mütəxəssisə də yaxşı pul ödənilməlidir. Bu, boşuna xərc deyil, qorunmaqdır. Bu gün mütəxəssisə ödəniləcək puldan qənaət edən qurum sabah həmin pulun 100 qatı zərərlə üzləşə bilər. Yaxşı qazanc həm də mütəxəssislərin ölkədə qalmasına kömək edər, çünki bu sahədə kadr azdır, yaxşıları da tez-tez xaricə gedir. Hər yoxlamadan sonra tapılan səhvlər düzəldilməli, kimin nəyə cavabdeh olduğu dəqiq bilinməlidir ki, real hücum olanda vaxt itirilməsin. Kiçik şirkətlər isə çox vaxt təkbaşına qalırlar, çünki özlərini qorumağa nə pulları, nə də mütəxəssisləri çatır. Dövlət onlara ucuz və ya pulsuz kömək göstərə bilər. Şirkətlər özləri də işçilərinə şübhəli linkləri tanımağı öyrətməklə çox şeyin qarşısını ala bilərlər”.

Mütəxəssisin fikrincə, ən zəif yer insanların özüdür:

“Kart oğurluqlarının çoxu insanların öz məlumatlarını fırıldaqçılara verməsi üzündən baş verir. İndi süni intellektlə saxta səs və video da düzəldirlər, aldatmaq daha asanlaşıb. Ona görə də kart məlumatlarınızı və telefona gələn kodu heç kimə deməyin, hətta özünü bank işçisi kimi təqdim edənə də. Qurumlar kiberhücumların qarşısını almağı yaxşı bacarır. Amma ordu necə daim təlim keçirsə, kibertəhlükəsizlik də elə daim sınaqdan keçirilməlidir ki, hücum uğurlu alınanda belə iş dayanmasın və problem tez aradan qalxsın. Bu gün təhlükəsizliyə qoyulan pul sabah dəyən zərərin yanında heç nədir, ona görə də kiberhazırlığı ordu kimi daim sınaqdan keçirmək lazımdır”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki