Hərbçilərlə bağlı iki mühüm dəyişiklik – Prezident qanun imzaladı

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydaları tibb xidmətinə də şamil ediləcək.

Referans Media  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna edilmiş dəyişikliyi imzalayıb.

Sənədə əsasən, dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.

Belə ki, tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.

X X X

Magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin “leytenant” rütbəsində olma müddətinin azaldılması təsdiqlənib.

Referans Media  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliyi imzalayıb.

Sənədə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılır.

Bundan əlavə, “leytenant” hərbi rütbəsində olma müddətinə dair müddəalar yenilənib.

Belə ki, təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün həmin müddət 2 il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün 1 il, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda 1 il müəyyən edilib.

X X X

Ətraf mühitə təsirin qiymətləndirilməsinə dair hesabatların ictimaiyyətə təqdim olunması ilə əlaqədar qanunvericilik dəyişikliyi təsdiq edilib.

Referans Media  xəbər verir ki, Prezident İlham Əliyev bu istiqamətdə “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişikliklərə imza atıb.

Sənədə görə, ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin nəticəsində ətraf mühitin vəziyyətində yaranan dəyişikliklərin izlənilməsi və araşdırılması sistemi olaraq müəyyən edilib.

Qanunda qeyd olunub ki, təbiətdən istifadəçilər (“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi tələb edilən fəaliyyət sahələri ilə məşğul olan hüquqi şəxslər) ətraf mühitin istehsalat monitorinqini həyata keçirməlidirlər.

Mövcud qanunvericiliyə müvafiq şəkildə ətraf mühitin istehsalat monitorinqində tətbiq olunan ölçmə avadanlıqlarının tipi təsdiqləndən keçməli və həmin avadanlıqlar yoxlamaya cəlb olunmalıdır.

Ətraf mühitin istehsalat monitorinqinin nəticələrinə dair illik hesabat müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qurumun hazırladığı formaya uyğun şəkildə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi quruma növbəti ilin fevralın 1-dək təqdim edilməlidir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki