Fazil Mustafadan AAYDA sədrinə: “Deputatın zənginə cavab vermək onun borcudur”

Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirlidən narazılığını bildirib.

Vüsal Nəsirliyə dəfələrlə zəng etsə də, onun zənglərinə cavab verməyib.

Razi Nurullayev bildirib ki, deputat aidiyyatı qurumlarla danışa bilməlidir ki, problemləri çatdıra bilsin:

"2 ay ərzində 12-15 dəfə zəng etmişəm. Mən zəng edib, ondan özümə yol çəkdirməyi istəmirəm ki, mənə cavab verməsin. Çoxsaylı vətəndaş müraciətindən sonra onunla danışmaq istəmişdim. Ancaq təəssüf ki, heç bir telefon zənginə cavab vermədi".

Referans Media-ın məlumatına görə, məsələ ilə bağlı AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı, komitə sədri Fazil Mustafa bildirib ki, dövlət məmurunun, nazirin və yaxud da hansısa bir qurumun rəhbərinin borcudur ki, deputatın telefonlarına cavab versin:

"Əgər belə bir hal varsa, mütləq bu ən yuxarı instansiyanın diqqətinə çatdırılmalıdır. Çünki necə ola bilər ki, dövlət telefonundan təyinatına görə doğru istifadə etmirlər, Dövlət ora telefon qoyub ki, müvafiq qurumlar, o cümlədən Milli Məclis, qanunverici orqan təmsilçiləri öz seçicilərin problemlərini də onun diqqətinə çatdıra bilsin, vacib məsələləri diqqətə çatdırıb həll edə bilsin. Ona görə də bu, belə bir hal varsa, bunu mütləq buna münasibət bildirilməlidir və rəsmi səviyyədə münasibət hər halda bildirilməlidir. Mən belə hallara rastlaşmamışam, amma əgər millət vəkili belə bir fikir səsləndiribsə, bunu ciddi qəbul edib və onu mütləq müzakirə edib həllinə nail olmaq lazımdır”.

Deputatın sözlərinə görə, bunun presedentə çevrilməsi yaxşı hal deyil:

"Çünki digər məmurlar da əgər bu yolu izləsələr, onda ölkədə heç bir problemi həll etmək mümkün olmaz və bizim də seçicilərlə görüşümüzün bir mənası qalmaz. İndi onlarla məhəllə qazılıb, tökülüb, bir ildən çoxdur, asfalt vurulmur. Yəni yalnız yerli bələdiyyənin hesabına hansısa bir işlər görülür və bu özü də üzücüdür. Hər şeyi bizim gündəmə gətirməyimizin bir adı yoxdur, gərək ayrı-ayrı qurumların rəhbərləri bütün bunları nəzərə alalar”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki