Azərbaycan-İran münasibətlərini pozmaq istəyənlərə xəbərdarlıq

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyevlə görüşdən məmnunluğunu bildirən Məhəmməd Baqir Qalibaf İranın çətin günlərində Prezident İlham Əliyev, Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Qonaq, eyni zamanda İranın ölkəmizdəki səfirliyinə gələrək, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsinə, həmçinin Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməsi münasibətilə göndərdiyi təbrik məktubuna görə dövlətimizin başçısına təşəkkür edib.

Müharibənin böyük dərd və faciə olduğunu deyən Qalibaf həmin dövrdə ölkəmizin İranla mehriban qonşuluq münasibətlərinə sadiq qaldığını, humanitar yardımını əsirgəmədiyini, Azərbaycan xalqının İranın yanında olduğunu vurğulayıb və qeyd edib ki, bu, İran xalqının yaddaşında əbədi qalacaq.

Azərbaycanla İranın çətin günlərdə də daim bir-birinin yanında olduqlarını deyən Məhəmməd Baqir Qalibaf bunu ölkələrimizin birliyinin və həmrəyliyinin daha bir nümunəsi kimi qiymətləndirib. Qonaq bu müharibənin, eyni zamanda, İrana müsəlman ölkələri ilə təmasların nə dərəcədə vacib olduğunu göstərdiyini bildirib.

Qalibaf qeyd edib ki, İran müharibə dövründə dostunu və düşmənini tanıyıb. Bu xüsusda dost ölkə kimi Azərbaycan İranın yanında olub.

Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin gələcəkdə daha da dinamik inkişafına əminlik ifadə olunub, Ağbənd-Kəlalə körpüsünün tikintisinin artıq başa çatdırıldığı və İran ərazisindən keçən Araz dəhlizinin də regionda nəqliyyat imkanlarının artırılmasına xidmət edəcəyi məmnunluqla vurğulanıb.

Görüşdə ikitərəfli əlaqələrimizin perspektivləri, o cümlədən parlamentlərarası əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub.

Qeyd edək ki, eyni məzmunlu fikirlər İran Prezidenti Məsud Pezeşkian tərəfindən də Azərbaycana ünvanlanıb. Pezeşkian və Qalibafın açıqlamaları İranda radikal dini-hərbi qrupların, ayrı-ayrı siyasətçilərin Azərbaycanı hədəfə gətirmək cəhdlərinə ən tutarlı cavablardır. Həmin qruplar və siyasətçilər bundan nəticə çıxarmalıdır və Azərbaycan-İran dostluq münasibətlərinə xələl gətirmək və münasibətləri pozmaq cəhdlərindən əl çəkməlidir.



Milli Məclisin deputatı Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, həm İran Prezidenti Məsud Pezeşkian, həm də İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf tərəfindən səsləndirilən mesajlar Tehranın rəsmi mövqeyini əks etdirməklə yanaşı, son dövrlərdə Azərbaycan əleyhinə kampaniya aparmağa çalışan radikal dini-siyasi dairələrə də açıq xəbərdarlıq xarakteri daşıyır:

“İranın ali siyasi rəhbərliyinin Azərbaycanın müharibə dövründə nümayiş etdirdiyi humanitar və siyasi dəstəyi xüsusi vurğulaması iki ölkə arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir. Bu bəyanatlar göstərir ki, Tehran Bakı ilə münasibətlərin inkişafını strateji əhəmiyyətli hesab edir və ikitərəfli əlaqələrin hansısa marginal qrupların təxribatçı çıxışları ilə zədələnməsində maraqlı deyil.

Analitiklərin qənaətinə görə, son illərdə bəzi radikal dini-hərbi qruplar, media resursları və ayrı-ayrı siyasətçilər tərəfindən Azərbaycan-İran münasibətlərində süni gərginlik yaratmaq cəhdləri müşahidə olunsa da, rəsmi Bakının və Tehranın son açıqlamaları bu cəhdlərin hər iki dövlətin siyasi iradəsi ilə üst-üstə düşmədiyini nümayiş etdirir. Xüsusilə Pezeşkian və Qalibafın Azərbaycanı dost və etibarlı qonşu kimi təqdim etməsi, çətin günlərdə göstərilən dəstəyə görə təşəkkür bildirməsi münasibətlərin gələcək inkişafı üçün mühüm siyasi mesaj hesab oluna bilər”.

Deputat qeyd edib ki, regionda yeni geosiyasi reallıqların formalaşdığı bir dövrdə Azərbaycan və İran arasında nəqliyyat, ticarət, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir:

“Bu baxımdan, rəsmi Tehrandan verilən müsbət mesajlar radikal dairələrin qarşıdurma ritorikasını zəiflətməklə yanaşı, münasibətlərin praqmatik əməkdaşlıq müstəvisində inkişaf etdirilməsinin vacibliyini bir daha ortaya qoyur. Ona görə də Azərbaycan-İran dostluq münasibətlərinə xələl gətirməyə yönəlmiş çağırışlar və təxribat xarakterli təşəbbüslər regionda sabitliyə xidmət etmir və hər iki ölkənin xalqları arasında mövcud olan tarixi, dini və mədəni bağlara zidd hesab olunur. Bu reallıq fonunda radikal qrupların və ayrı-ayrı siyasətçilərin münasibətləri pozmağa yönəlmiş cəhdlərdən imtina etmələrinin zəruriliyi daha aydın görünür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki