Məlum olduğu kimi, Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilir. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və onun Parlament İttifaqı çərçivəsində fəal iştirakı, İslam həmrəyliyinin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlər arasında çoxşaxəli əlaqələrin inkişafına mühüm töhfə verir.
Digər tərəfdən İƏT-in Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə daim dəstək göstərməsi, Ermənistanın işğal siyasətini qınaması, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini alqışlayan qətnamə və bəyanatlar qəbul etməsi, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT Təmas Qrupu çərçivəsində fəal mövqe nümayiş etdirməsi diqqət çəkir.
Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı daxilindəki fəal mövqeyi, həmçinin təşkilatın ölkəmizə göstərdiyi qətiyyətli dəstək ölkəmizin xarici siyasət strategiyasının uğuru və beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirilir:
“Sirr deyil ki, Prezident İlham Əliyevin liderliyində Azərbaycan “İslam həmrəyliyi” ideyasını sadəcə şüar kimi deyil, praktiki fəaliyyət müstəvisinə çıxarıb. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi və təşkilat çərçivəsindəki təşəbbüslər Azərbaycanın İslam dünyasının birləşməsinə verdiyi əhəmiyyəti nümayiş etdirir. Müsəlman dünyası ilə Qərb dünyası arasında “körpü” rolunu oynayan Azərbaycan özünün uğurlu multikulturalizm modelini İslam Əməkdaşlıq Təşkilatı platformalarında təşviq etməklə, islamofobiyaya qarşı mübarizədə və mədəniyyətlərarası dialoqun inkişafında aparıcı dövlətlərdən birinə çevrilib. Parlament İttifaqı çərçivəsindəki fəaliyyət isə Azərbaycanın milli maraqlarının və işğal dövründə və postmünaqişə mərhələsində həqiqətlərinin müsəlman ölkələrinin qanunvericilik orqanları səviyyəsində dəstəklənməsinə şərait yaradır.
İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı nümayiş etdirdiyi prinsipial mövqe, təbii ki, bu istiqamətdə geniş perspektiv açır. Öz növbəsində bu, yalnız Bakının maraqlarında məhdudlaşan situasiya deyil, İƏT-in qətnamələri beynəlxalq hüququn norma və prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Bu isə Azərbaycanın haqq işinin beynəlxalq miqyasda legitimliyinin təsdiqidir.
Məlumdur ki, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının xüsusi Təmas Qrupu yaratması və bu qurumun məsələni daim diqqət mərkəzində saxlaması Azərbaycan diplomatiyasının çox böyük nailiyyətidir. Bu, təcavüzkarın izolyasiya edilməsində və İslam Dünyasının vahid mövqedən çıxış etməsində mühüm rol oynayıb”.
Deputatın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin İƏT tərəfindən alqışlanması və üzv dövlətlərin bu prosesə maraq göstərməsi Azərbaycanın regionda yeni reallıqlar yaratmaq bacarığına verilən beynəlxalq qiymətdir:
“Bu prosesləri Azərbaycanın “yumşaq güc” diplomatiyasının təntənəsi kimi dəyərləndirmək olar. Azərbaycan İƏT-in 57 üzv dövlətinin etimadını qazanıb, təşkilat daxilində ən etibarlı və fəal tərəfdaşlardan birinə çevrilib. Bu əməkdaşlıq Azərbaycanın İslam dünyası ilə siyasi, iqtisadi və mədəni əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib, Ermənistanın işğal siyasətinə qarşı yaradılmış informasiya blokadasının müsəlman dünyasında tamamilə yarılmasına gətirib çıxarıb, Azərbaycanın qlobal siyasətdəki çəkisini və regional liderlik mövqeyini daha da möhkəmləndirib. Nəticə etibarilə, İslam dünyasının Azərbaycanı birmənalı şəkildə dəstəkləməsi ölkəmizin xarici siyasətinin dərin düşünülmüş, tarazlı və milli maraqlara xidmət edən bir strategiya olduğunun ən bariz sübutudur.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı daxilindəki fəal və prinsipial mövqeyi həm də ölkəmizə “etibarlı tərəfdaş” reputasiyası qazandırır. Digər beynəlxalq təşkilatlarda danışıqlar apararkən, Azərbaycanın İslam dünyasının böyük bir kütləsinin dəstəyinə sahib olması onun siyasi çəkisini və danışıqlar masasında mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Azərbaycan özünü Şərq və Qərb dəyərlərinin qovşağında bir mərkəz kimi təqdim edir. İslam Əməkdaşlıq Təşkilatında əldə olunan uğurlar Azərbaycanın həm Qərb institutları, həm də İslam dünyası arasında “dialoq platforması” rolunu rəsmiləşdirir. Bu, ölkəmizin beynəlxalq təşkilatlarda “sülhməramlı” və “vasitəçi” kimi statusunu artırır”.
Bəhruz Məhərrəmov qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə verdiyi siyasi dəstək, bu bölgələrdə aparılan layihələrə investisiya cəlb etmək üçün beynəlxalq maliyyə institutları və digər dövlətlərlə danışıqlarda müsbət fon yaradır:
“Bu, digər platformalarda da quruculuq işləri üçün “beynəlxalq legitimlik” çətiri rolunu oynayır. Azərbaycanın İslam dünyasında qazandığı nüfuz ölkəmizə ekologiya, enerji təhlükəsizliyi, multikulturalizm və islamofobiya kimi qlobal məsələlərdə öz gündəliyini diktə etmək imkanı verir. Məsələn, COP29 kimi mötəbər tədbirlərə ev sahibliyi etmək və digər təşkilatlarda ekoloji təşəbbüslərlə çıxış etmək İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində formalaşmış siyasi kapitalın məntiqi davamı kimi qiymətləndirilə bilər.
Ermənistanın illər boyu Azərbaycanı “İslam kartından” istifadə etməkdə ittiham etməsinə baxmayaraq rəsmi Bakının İslam Əməkdaşlıq Təşkilatındakı fəaliyyəti bunun dinlərarası deyil, hüquq və ədalət müstəvisində olduğunu bütün dünyaya sübut etdi. Bu uğurlu təcrübə Azərbaycanın istənilən beynəlxalq platformada öz milli maraqlarını qanuni və əsaslı şəkildə müdafiə etmə bacarığının göstəricisidir. Görünən odur ki, İslam Əməkdaşlıq Təşkilatındakı uğurlu təcrübə Azərbaycan üçün bir növ “diplomatik nümunə”dir. Bu, ölkəmizə digər təşkilatlarda öz haqlı mövqeyini daha yüksək səslə çatdırmaq, ittifaqlar qurmaq və özünəməxsus balanslaşdırılmış xarici siyasətini daha effektiv həyata keçirmək üçün lazım olan siyasi etimadı təmin edir”.
