Banklarla bağlı müəmmalı durum davam edir – nə baş verir?

İyunun 24-də bir sıra bankların kart sistemində yaranan problem geniş müzakirələrə səbəb olub. Xüsusilə Azərbaycan Beynəlxalq Bankının (ABB) müştəriləri qurumun fəaliyyətini tənqid edib. Əsasən pensiya alan şəxslər kartlarında saxladıqları vəsaitlərin silindiyini bildirərək narazılıq ediblər.

Yaranan problem Azərbaycanda bank sisteminin hansı vəziyyətdə olduğunu göstərdi? Bu, bankın məsuliyyətsizliyi və təhlükəsizliyə diqqət etməməsi kimi qiymətləndirilə bilərmi?

Referans Media  xəbər verir ki , Globalinfo.az-a danışan iqtisadçl Elçin Rəşidov deyib ki, bu, bank sektorunda ciddi problem idi:

“Əsasən ABB-nin adı hallansa da, qeyd olunur ki, problem “AzəriCard” sistemində yaranıb. “AzəriCard” Azərbaycanda bir çox banklara xidmət göstərir. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasına görə, banklararası hesablaşmalar zamanı texniki problem yaranıb və nəticədə bəzi əməliyyatlar səhv icra olunub. Bu səbəbdən müştərilərin hesablarından əvvəllər çıxılmış məbləğlər yenidən silinmiş kimi görünüb. Bəzi hallarda isə köhnə əməliyyatlar təkrar işlənərək vəsaitin yenidən çıxılmasına səbəb olub. Banklar hadisəni üçüncü tərəfdə yaranmış nasazlıq kimi izah etdilər. Mənim istifadə etdiyim tətbiqdə də “üçüncü tərəfdə yaranmış nasazlıq” barədə bildiriş göstərilirdi. Burada nəzərdə tutulan tərəfin “AzəriCard” olduğu aydındır.

“AzəriCard” isə kiberhücumla bağlı hər hansı məlumat verməyib. Belə bir hal olubsa, ya ictimaiyyətdən gizlədilir, ya da AMB bu barədə məlumat paylaşmır. Hazırda problem daha çox texniki nasazlıq kimi təqdim edilir. Halbuki texniki nasazlığın konkret nədən ibarət olduğu açıqlanmır. Həm “AzəriCard”, həm də AMB bu məsələdə detalları ictimaiyyətə açıqlamır, bu da düzgün yanaşma deyil. Müştərilər baş verənlərlə bağlı tam məlumat ala bilmirlər. Bankların müştəri dəstək xidmətləri də faktiki olaraq işləmir. Görünür, müraciətlərin sayının kəskin artması xidmətlərin normal fəaliyyət göstərməsinə imkan verməyib”.


İqtisadçı bildirib ki, problem hələ də tam aradan qaldırılmayıb:

“Bu gün də bəzi hesablardan vəsaitin çıxılması və geri qaytarılmaması halları müşahidə olunub. Qeyd edim ki, bəzi banklar bu problemin müştərilərə təsir etməsinin qarşısını ala biliblər. Onların müştəriləri belə bir problemi hiss etməyiblər. ABB isə bunu bacarmayıb. Bu halda ya rəsmi versiya tam doğru deyil və problem birbaşa ABB-nin daxilindədir, ya da digər banklarla müqayisədə ABB-də təhlükəsizlik və nəzarət mexanizmləri zəifdir”.

Elçin Rəşidov vurğulayıb ki, problem yalnız “AzəriCard”ın üzərinə atılır, lakin burada bankın da məsuliyyəti var:

“Əgər “AzəriCard” və “AMB”nin bildirdiyi kimi, əvvəllər silinmiş əməliyyatlar yenidən hesabdan çıxılırdısa, bank bunu kütləvi şəkildə müşahidə etməli və müdaxilə etməli idi. Bank daxilində belə halların qarşısını alan nəzarət mexanizmləri olmalıdır. Bir neçə fərdi hadisə baş verdikdə sistem bunu müəyyən etməyə bilər. Lakin minlərlə müştərinin hesabında eyni problemin yaşanması artıq sistem xarakterli hadisədir. Bu, istər kiberhücum, istər texniki nasazlıq, istərsə də alqoritm xətası olsun, bank riskləri aşkarlayıb əməliyyatları dayandırmalı idi. “AzəriCard” problemi vaxtında aradan qaldıra bilməyibsə, bank səviyyəsində əlavə nəzarət mexanizmləri işləməli idi. Çünki müştəri üçün əsas məsul tərəf bankdır. “AzəriCard” bankın xidmət aldığı üçüncü tərəfdir. Bank öz tərəfdaşının nasazlığının nəticələrini birbaşa müştərinin üzərinə ötürməməlidir.

Xüsusilə nəzərə alsaq ki, silinmələr kütləvi xarakter daşıyıb, pensionerlərin, müavinət alanların və digər müştərilərin hesablarına təsir edib, burada bankın məsuliyyət payı danılmazdır. Nəticədə insanlar vəsaitlərindən istifadə edə bilməyib, filiallara üz tutub və ciddi narahatlıq yaşayıblar. Səbəbdən asılı olmayaraq, yaranan problemin yükünü müştəri daşımamalıdır və bank belə riskləri əvvəlcədən nəzərə alaraq qabaqlayıcı tədbirlər görməli idi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki