Ermənistanın ŞOK planı: Sərhədlər açılsa... – Politoloq AÇIQLADI

Ermənistanın regional təcrid olunmaqdan xilas olmaq və gələcəyə yönəlik strateji addımlar atmaq cəhdləri son dövrlərdə daha çox diqqət çəkir. Belə ki, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan rəsmi İrəvanın 2030-cu ilə qədər Türkiyə və Azərbaycanla sərhədlərin və nəqliyyat kommunikasiyalarının açılacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu addım Cənubi Qafqazı Avropa və Mərkəzi Asiya arasında əsas əlaqələndirici həlqəyə çevirməyə imkan verəcək.

Bəs Ermənistanın bu prosesdə maraqlı olmasının arxasında dayanan əsas səbəblər hansılardır? Bu istək daha çox iqtisadi maraqlara söykənir, yoxsa təhlükəsizlik amilləri daha ön plandadır?

 

Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Əli Mustafa məsələnin həm iqtisadi, həm də təhlükəsizlik aspektlərini şərh edərək, bu iki amilin bir-biri ilə sıx bağlı olduğunu vurğulayıb.


Politoloq qeyd edib ki, Ermənistanın regional kommunikasiyaların açılması istiqamətindəki istəklərində həm təhlükəsizlik, həm də iqtisadi amillər paralel şəkildə mövcuddur:

“Əlbəttə, burada hər iki amil var. Bu əlaqələrin yaranması, ilk növbədə, regional təhlükəsizliyin təmin olunması deməkdir. Digər tərəfdən isə iqtisadi əlaqələrin bərpası qaçılmaz bir zərurətdir. Ermənistan üzərindən açılacaq yolların ölkənin büdcəsinə gətirəcəyi fayda hazırda İrəvan üçün çox böyük əhəmiyyət kəsb edir".



Əli Mustafa Ermənistan ərazisindən keçəcək beynəlxalq və regional nəqliyyat dəhlizlərinin sadəcə bir gəlir mənbəyi deyil, həm də strateji bir qoruyucu qalxan rolunu oynayacağını bildirib:

“Bu yollar həm də təhlükəsizlik qarantı kimi çıxış edəcək. Çünki beynəlxalq yükdaşımaların və regional ticarətin keçdiyi marşrutların təhlükəsizliyində təkcə region ölkələri deyil, qlobal güclər də maraqlı olur. Ermənilər artıq anlayırlar ki, onlar regional layihələrin bir hissəsi olmaqla həm region ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa daxil olurlar, həm də bu əməkdaşlıq bir növ onların təhlükəsizlik təminatına çevrilir".

 

Ermənistanın illərdir regiondan kənarda hərbi-siyasi müttəfiqlər axtararaq öz təhlükəsizliyini təmin etməyə çalışdığını, lakin bunun uğursuz olduğunu xatırladan Əli Mustafa, İrəvanın artıq reallığı dərk etdiyini vurğulayıb:

“Region dövlətləri ilə normal münasibətlər qurduqdan və iqtisadi inteqrasiyaya qoşulduqdan sonra Ermənistan üçün kənarda əlavə təhlükəsizlik çətiri axtarmağa ehtiyac qalmır. Əgər qonşularınla sülh və ortaq iqtisadi maraqlar çərçivəsində yaşayırsansa, sənə qarşı hərbi təhlükə riski də minimuma enir. Məncə, artıq erməni cəmiyyəti və rəhbərliyi bütün bunları anlayır, başa düşür və məhz bu istiqamətdə addımlamağa çalışır".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki