“Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədən həll edilsin”.
Referans Media bildirir ki, bu sözləri Globalinfo.az-a siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, Azərbaycan heç vaxt güc yoluna üstünlük verməyib:
“2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı da bunun əksini göstərən hadisə deyildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti təxminən üç il gözləyib və qarşı tərəfə, eləcə də onu himayə edən qüvvələrə məsələlərin sülh yolu ilə həlli üçün imkan yaradıb. Amma həmin dövrdə Qarabağdakı separatçı qüvvələr hərbi potensiallarını artırmağa, silah-sursat toplamağa və yeni hərbi birləşmələr formalaşdırmağa çalışırdılar. Azərbaycan hesab edirdi ki, bu proses yeni müharibə təhlükəsini artırır. Bu vəziyyət qarşısında ölkəmiz antiterror əməliyyatı keçirməyə məcbur olub”.
Siyasi şərhçi qeyd edib ki, əməliyyatın başlanmasından qısa müddət sonra qarşı tərəf atəşin dayandırılması və silahı yerə qoyması ilə bağlı razılığa gəlib:
“Əgər məsələnin dinc yolla həlli mümkün olsaydı, hərbi gücə müraciət edilməsinə ehtiyac qalmazdı. Çünki müharibə və hərbi əməliyyatlar insan itkilərinə səbəb olur və hər iki tərəf üçün ağır nəticələr yaradır. Həmin əməliyyat zamanı şəhidlər verdik. Onların canı və qanı bahasına Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində mühüm nəticə əldə edib.
Beləliklə, antiterror əməliyyatı Azərbaycanın həm diplomatik, həm də hərbi imkanlarını, eləcə də dövlət olaraq təhlükəsizliyini təmin etmək əzmini bir daha nümayiş etdirdi”.
