“Türkiyə Silahlı Qüvvələri 2001-ci ildə Ermənistana qarşı hərbi əməliyyatlara hazırlaşırdı”.
Referans Media xəbər verir ki, bu fikirləri erməni politoloq Ara Poqosyan qeyd edib.
Onun sözlərinə görə, “ALTAY” kod adlı hərbi plan barədə məlumatlar ilk dəfə 2019-cu ildə İsveçdə fəaliyyət göstərən “Nordic Monitor” jurnalında dərc edilib.
“Plan 2001-ci il iyulun 13-də hazırlanıb. Sənədlərdə Türkiyə Hərbi Hava Qüvvələrinin “OĞUZTÜRK” kod adlı ayrıca hava əməliyyatı planı da olub.
2016-cı ildə Ankara yaxınlığındakı Akıncı aviabazasında məxfi sənədlərin yoxlanılması zamanı “OĞUZTÜRK” planına aid bəzi səhifələrin itdiyi müəyyənləşdirilib və bununla bağlı araşdırma başlanılıb”, – Poqosyan nəşrə istinadən yazıb.
Politoloq qeyd edir ki, həmin materiallarda Ermənistan–Azərbaycan müharibəsi zamanı Rusiyanın İrəvana mümkün dəstəyi ilə bağlı strateji qiymətləndirmələr aparıldığı iddia olunur:
“Türkiyənin sabiq baş naziri Tansu Çillərin dövründə Rusiya və ABŞ bu plana dərhal qarşı çıxdı (halbuki T.Çillər 1993-1996-cı illərdə baş nazir olub – red). Ondan sonra həmin planın icrası dayandırıldı”.
Qeyd edək ki, “ALTAY” planı ilə bağlı məlumatlar heç bir rəsmi və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib./Globalinfo.az/
