Suriyanın Aleppo şəhərinin cənub-qərbində yerləşən əl-İys qəsəbəsinin qərbindəki əl-Hədaba bölgəsində Suriya ordusuna məxsus hərbi ərazidə güclü partlayışlar baş verib.
Referans Media xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Suriyanın dövlət xəbər agentliyi SANA-nın yaydığı məlumata əsasən, səlahiyyətli qurumlar partlayışların səbəbini və mənbəyini müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar.
Hələb Fövqəladə Hallar və Fəlakətlərin İdarəolunması Əməliyyatlarının rəhbəri Faysal Mohammed Ali bildirib ki, partlayışların davam etməsi səbəbindən axtarış-xilasetmə və təcili tibbi yardım briqadaları hadisə yerinə ilk mərhələdə çətinliklə çata biliblər.
Onun sözlərinə görə, əraziyə daxil ola bilən Mülki Müdafiə əməkdaşları 4 yaralını təhlükəsiz əraziyə təxliyə ediblər.
Mülki əhalinin təhlükəsizliyini təmin etmək və təxliyə işlərini sürətləndirmək məqsədilə yaxınlıqdakı yaşayış evləri boşaldılıb, hadisə yerinə aparan yollar isə nəqliyyatın hərəkəti üçün bağlanıb.
Suriyanın dövlət televiziya kanalı Al-Ikhbariyah da bölgədə ardıcıl güclü partlayışların baş verdiyini təsdiqləyərək, hadisənin xarakterinin araşdırıldığını bildirib.
