“Bütün müsəlmanlar üçün müqəddəs olan Məkkə şəhərində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə haqqında saziş imzalayıblar. Ekspertlər və jurnalistlər bu razılaşmanı “Məkkə paktı” adlandırıblar. İslam dünyasının üç nəhəngi arasında əldə olunan sazişə artıq kifayət qədər böyük siyasi qiymət verilir. Onu “Yaxın Şərqin NATO-su”, Səudiyyə nefti, Pakistanın nüvə arsenalı və Türkiyənin ənənəvi hərbi gücünü birləşdirən ittifaq kimi təqdim edənlər də var”.
Referans Media xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
Onun sözlərinə görə, hər hansı ittifaq yalnız böhranlardan, genişlənmələrdən və ya əksinə, ayrılmalardan uğurla keçdikdən sonra həqiqi gücünü nümayiş etdirir:
“Bu gün NATO haqqında hər yerdə danışılır. Ancaq çox az adam hazırda SENTO və ya SEATO kimi keçmiş hərbi-siyasi ittifaqları xatırlayır. Buna görə də tələsik nəticələr çıxarmağa ehtiyac yoxdur. Bununla belə, “Məkkə paktı” Qafqazda artıq geniş rezonans doğurub. Hazırkı mərhələdə onun əsas benefisiarı kimi Azərbaycan görünür.
Bakı artıq Ankara ilə müttəfiqlik mexanizminə malikdir. 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi tərəflərdən birinə qarşı təhdid və ya təcavüz baş verdiyi halda məsləhətləşmələrin aparılmasını və zəruri yardımın forma və həcminin müəyyənləşdirilməsini nəzərdə tutur.
Eyni zamanda, Azərbaycan Pakistanla hərbi əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirir. İslamabad üçün isə xarici siyasətin istənilən istiqaməti, ilk növbədə, Hindistan amili prizmasından nəzərdən keçirilir.
Hindistan son illərdə Ermənistanla hərbi-texniki əməkdaşlığını gücləndirib. Pakistan tərəfi üçün Azərbaycanın Kəşmir məsələsində diplomatik dəstəyi də son dərəcə əhəmiyyətlidir.
Onu da qeyd edək ki, Pakistan Ermənistanı yalnız 31 avqust 2025-ci ildə rəsmən tanıyıb və onunla diplomatik münasibətlər qurub. Beləliklə, Pakistan BMT-yə üzv dövlətlər arasında Ermənistanı tanıyan sonuncu ölkə olub. Bu qərarın uzun müddət ərzində Azərbaycanla həmrəylik, xüsusilə də Qarabağ məsələsində Bakı ilə eyni mövqedə dayanmaqla bağlı olduğu bildirilirdi”.
Sergey Markedonov qeyd edib ki, burada prinsipial əhəmiyyət daşıyan hüquqi bir məqam var:
“Azərbaycana hipotetik hücum Səudiyyə Ərəbistanı və Pakistanın avtomatik olaraq müharibəyə qoşulacağı anlamına gəlmir. İlk növbədə Azərbaycan-Türkiyə mexanizmləri işə düşərdi. “Məkkə paktı” isə yalnız Türkiyənin özünün təhdidlə üzləşəcəyi halda birbaşa aktuallıq qazanardı. Bu səbəbdən Azərbaycanın artıq “Pakistanın genişləndirilmiş nüvə çətiri” ilə təmin olunduğunu söyləmək hələ tezdir.
Ermənistan üçün isə “Məkkə paktı” onsuz da son dərəcə əlverişsiz olan hərbi-siyasi balansı daha da pisləşdirir.
Burada söhbət yalnız mümkün silahlı qarşıdurma ehtimalından getmir. Rusiya ilə münasibətlərdəki sistemli böhran, eləcə də Qərbin İrəvan üçün əsas təhlükəsizlik təminatçısı olmaq istəməməsi və buna hazır olmaması Ermənistan rəhbərliyini həm yeni güzəştlərə getməyə, həm də Türkiyənin əsas rollardan birini oynayacağı regional ittifaqlar sisteminə inteqrasiya olunmağa sövq edə bilər.
Axı “Məkkə paktı” kağız üzərindəki maddələrdən daha real bir mexanizmə çevrilərsə, hərbi formatın ardınca nəqliyyat, logistika və ticarət əlaqələri də gələcək.
İrəvan Qərbə doğru nə qədər böyük addımlarla irəliləsə də, nəticədə Şərqə çıxmaq ehtimalı kifayət qədər yüksəkdir”.
Markendonovun fikrincə, Gürcüstan üçün Məkkədə imzalanan razılaşmanın nəticələri birmənalı deyil:
“Tbilisi artıq Bakı və Ankara ilə əməkdaşlıq zəncirlərinə fəal şəkildə inteqrasiya olunub. Lakin Yaxın Şərqin və Cənubi Asiyanın “isti nəfəsi” Tbilisidə bir çoxlarını açıq şəkildə narahat edir.
Yenə də belə bir paradoks yaranır: Qərbə getmək istəyirdilər, Şərqdə oldular. Bununla belə, məsələ yalnız Cənubi Qafqaz ölkələri ilə məhdudlaşmır.
Qafqaz və Yaxın Şərq bir-birinə bitişik iki regiondur və burada “Məkkə paktı”nı imzalayan dövlətlərin maraqları İran, Rusiya və İsrailin maraqları ilə toqquşur. Bəzi məsələlərdə üç “islam nəhəngi” üçün Qərbin dəstəyi və əməkdaşlığı son dərəcə vacibdir. Digər istiqamətlərdə isə onlar “atlantistlərlə”, ABŞ-ın strateji müttəfiqi olan İsraillə münasibətlər bir yana, heç eyni mövqedə dayanmırlar. Şərti olaraq desək, TRIPP layihəsi dəstək qazana bilər, İsrail-Azərbaycan əməkdaşlığı isə daha çox sual doğura bilər. “Şimal-Cənub” layihəsinə münasibətdə də müəyyən ikimənalılıqlar mövcuddur.
Və sonuncu — ardıcıllıq baxımından sonuncu, əhəmiyyət baxımından isə heç də sonuncu olmayan tezis: Çoxqütblü dünya Rusiyamərkəzli dünya demək deyil.
Biz görürük ki, Rusiyanın bütövlükdə Avrasiyada, xüsusilə də Cənubi Qafqazda təsiri müəyyən dərəcədə təkcə Qərb tərəfindən deyil, Moskvanın iştirakı olmadan formalaşan Türk-Yaxın Şərq arxitekturası tərəfindən də şübhə altına alına bilər. Ən azı, indiki mərhələdə belə görünür”./Globalinfo.az/
