Prezident İlham Əliyevin ABŞ lideri Donald Trampa ünvanladığı məktubda iki ölkə arasında münasibətlərin tarixdə olmadığı qədər inkişaf zirvəsinə çatdığı açıq şəkildə ifadə olunur. Məktub Amerika Birləşmiş Ştatlarının ev sahibliyi ilə 2025-ci ilin 8 avqust tarixində Azərbaycanla Ermənistan arasında sülhün təməlini qoyan tarixi Vaşinqton Zirvə Görüşünün bir illiyinə həsr olunsa da, ümumilikdə Bakı və Vaşinqton arasındakı əməkdaşlığın inkişafından, həmçinin perspektivlərlə bağlı mühüm mesajlardan ibarətdir.
“Qətiyyətiniz və sarsılmaz iradəniz sayəsində Siz üç onillik ərzində davam edən münaqişənin tamamilə sona çatmasına, xalqlarımız üçün barışığın və qarşılıqlı tərəfdaşlıq dövrünün əsasını qoymağa nail oldunuz.
Ağ Evdə Sizin şahidliyiniz ilə imzaladığımız üçtərəfli Birgə Bəyannamə, Azərbaycan ilə Ermənistan arasında paraflanan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qəbul edilən birgə müraciət regionda davamlı sülhün və sabitliyin təmin olunmasında həlledici rol oynadı, gələcək dayanıqlı inkişaf və qarşılıqlı əməkdaşlıq üçün parlaq səhifə açdı. Eyni zamanda sülhquruculuğu səylərinizin mühüm nəticələrindən biri də – TRIPP layihəsi Cənubi Qafqazda çoxtərəfli iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının inkişafı və təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir. Regionun sülh gündəliyinin təşviqi ilə əlaqədar nümayiş etdirdiyiniz güclü liderliyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm”, - məktubda vurğulanır.
Prezident qeyd edib ki, bu gün Azərbaycan cəmiyyəti artıq bölgədə formalaşmış yeni reallıqda və sülh mühitində yaşamağa uyğunlaşır:
“Ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafı baxımından vacib işlər görüldü. Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırıldı, Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən isə taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac olunmağa başladı. Biz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur, onu daha da möhkəmləndirmək və əməli fəaliyyətə çevirmək, qarşılıqlı etimad mühitini formalaşdırmaq üçün səylərimizi davam etdiririk”.
Prezident İlham Əliyev bildirib ki, ötən ilin avqustunda Vaşinqtonda baş tutan görüş Azərbaycan-ABŞ ikitərəfli əlaqələri baxımından da mühüm tarixi əhəmiyyətə malikdir:
“Məhz həmin görüşün nəticəsində dövlətlərarası münasibətlərimiz keyfiyyətcə yeni strateji tərəfdaşlıq mərhələsinə qədəm qoydu. 6 ay sonra Vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfəri və səfər zamanı qarşılıqlı sərmayə, ticarət, enerji, bağlantılar, nəqliyyat, süni intellekt, təhlükəsizlik sahələrini əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, habelə son bir il ərzində reallaşmış ali və yüksək səviyyəli təmaslar və əldə olunmuş razılaşmalar qısa zaman kəsiyində qət etdiyimiz uğurlu yolun və Sizin Azərbaycan-ABŞ əlaqələrinin inkişafına verdiyiniz önəmin göstəricisidir”.
Məktubda diplomatik şəkildə 1992-ci ildə qəbul olunan anti-Azərbaycan sənədə işarə və Donald Trampın bu məsələ ilə bağlı ədalətli yanaşmasına da xüsusi yer ayrılır.
“Eyni zamanda “Azadlığı Müdafiə Aktı”na ayrı-seçkilik səciyyəli 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə Sizin qərarınızı tarixi ədalətin bərpası istiqamətində önəmli addım olaraq qiymətləndiririk”, Prezident əlavə edib.
“Fəxrlə deyə bilərik ki, Azərbaycan-ABŞ əlaqələrinin bugünkü səviyyəsi 34 illik diplomatik münasibətlərinin tarixində ən yüksək zirvədə qərarlaşmışdır. Bu böyük nailiyyətə, o cümlədən strateji tərəfdaşlığımızın təşəkkülündə və dərinləşməsində əvəzsiz xidmətlərinizə görə Sizə şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından bir daha təşəkkürümü ifadə edirəm. Biz bundan sonra da Azərbaycan ilə ABŞ arasında dostluğa, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək və yeni məzmunla zənginləşdirmək əzmindəyik. Bu istiqamətdə Sizinlə birgə çalışmağı səbirsizliklə gözləyirik”, - dövlətimizin başçısı yekunda bildirib.
Qeyd edək ki, Azərbaycan və ABŞ liderləri telefon danışığında da ikitərəfli münasibətlərin inkişafı və regionda əldə olunan tarixi sülh anlaşmaları barədə önəmli müzakirələr aparıblar.
Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Donald Trampa göndərdiyi məktubda ölkələrimiz arasında əlaqələrin bugünkü səviyyəsinin 34 illik diplomatik münasibətlər tarixində ən yüksək zirvədə qərarlaşdığı vurğulanır:
“Dövlətimizin başçısının bu sözləri, fikrimcə, çox dəqiq təsbitdir, son bir ildə Azərbaycanla ABŞ-ni bir-birinə yaxınlaşdıran institusional, iqtisadi və siyasi xarakterli addımları özündə ehtiva edir. Bunların içərisində ən mühümü Prezidentin məktubunda da qeyd olunduğu kimi, Vaşinqton görüşündən 6 ay sonra ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana rəsmi səfəri zamanı qarşılıqlı sərmayə, ticarət, enerji, bağlantılar, nəqliyyat, süni intellekt və təhlükəsizlik sahələrini əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasıdır. ATƏT-in Minsk Qrupunun ləğvindən sonra imzalanmasında heç şübhəsiz ki, bir rəmzilik var. Azərbaycanla Ermənistanın məhz Vaşinqtonda bununla bağlı razılığa gəlmələri Minsk qrupunun digər həmsədrləri - Rusiya ilə Fransanın əl-qolunu bağladı”.
S.Alıyev Bakı-Vaşinqton münasibətlərinin inkişafını təsdiqləyən digər amillərə də diqqət çəkib:
“Əlaqələrimizin ən yüksək zirvədə qərarlaşmasını təsdiqləyən iqtisadi xarakterli xeyli faktlar mövcuddur ki, 1-3 iyunda keçirilən sonuncu Bakı Enerji Həftəsi və forum çərçivəsində keçirilən 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu buna sübutdur. Orada sözügedən ölkənin şirkətləri ilə dəyəri 7,5 milyard dollardan çox olan strateji əhəmiyyətli müqavilə və anlaşma memorandumları imzalandı. Təkcə həcm deyil, əhatəlik və strateji önəm baxımından da Azərbaycanla ABŞ arasında heç vaxt bu genişlikdə və dərinlikdə əməkdaşlıq olmayıb. Bəli, həminki anlaşmaların bir hissəsi yenə də enerji sektoruna aiddir. Məsələn, “Exxon Mobil”, “Chevron”, “Comstock Resources”, “JP Morgan”, EXIM Bankla əməkdaşlıq sənədləri məhz enerji sektorunu əhatə edir. Amma fikrimcə, bunlardan daha önəmlisi “Kritik mineralların və nadir elementlərin hasilatı və emalı sahəsində tədarük zəncirlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında” ikitərəfli Çərçivə Sənədi, SOCAR və “Haymaker.ai” arasında süni intellekt üçün bulud infrastrukturu, “Oracle” şirkəti ilə onun ekosisteminin qurulması razılaşmaları idi. Mən ona görə bu razılaşmaları çox önəmli sayıram ki, məsələn, ABŞ-nin süni intellekt nəhəngi “Haymaker.ai” ilə SOCAR arasındakı əməkdaşlıq sadəcə proqram təminatı ilə məhdudlaşmır, burada olduqca dərin rəqəmsal infrastruktur layihəsindən - böyük hesablama gücünə malik ilk regional Milli Süni İntellekt Məlumat Mərkəzindən söhbət gedir. Bu isə bir tərəfdən gəlir, digər tərəfdən isə milli təhlükəsizliyin artıq bir hissəsini, həm də ən önəmli hissəsini təşkil edən suveren data təhlükəsizliyinin təmini deməkdir”.
Milli Məclisin üzvü qeyd edib ki, ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinin Bakıda keçirilməsinə razılıq verməsi də əslində iki ölkə arasında texnoloji əməkdaşlığın heç vaxt görünmədiyi və təsəvvür edilmədiyi tam yeni bir mərhələyə keçəcəyindən xəbər verir:
“Bu həftə çərçivəsində Silikon Vadisinin nəhəng texnologiya şirkətləri, qlobal investorlar, universitetlər və startap ekosistemi Bakıda bir araya gələcək. Təsəvvür edirsinizmi qarşıda necə perspektivlər açılır? ABŞ prezidentinin G20-nin Mayamidə keçiriləcək Zirvəsinə cənab İlham Əliyevi dəvət etməsi də təkcə münasibətlərin indiki səviyyəsindən doğan önəm və hörmət göstəricisi deyil, həm də gələcəyə hesablanmış strateji dəyərləndirmədir.
TRIPP ilə bağlı son rəsmi açıqlamada Ağ Ev o layihəni Transxəzər infrastrukturu kimi təqdim edir. TRIPP-i dəstəkləmək və özəl sektor investisiyalarını stimullaşdırmaq üçün yaradılan maliyyə təsisatı Transxəzər Müəssisələri Fondu adlandırılıb. Demək ki, ABŞ-nin regionda maraqları çox uzun bir müddətə hesablanıb və burada Azərbaycanın oynadığı, eləcə də oynayacağı rolun böyüklüyünü Vaşinqtonda gözəl dərk edirlər. Məhz o səbəbdən iki ölkə arasında əlaqələr heç zaman görünmədiyi qədər yüksək səviyyəyə qaldırılıb və sadəcə kağız üzərində deyil, həqiqətən də strateji xarakter daşıyır”.
E.Paşasoy,
Musavat.com
