ABŞ-nin Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbərliyindən gələn son açıqlamalar regional nəqliyyat dəhlizləri kontekstində yeni müzakirələrə yol açıb. Belə ki, Vaşinqton administrasiyasının rəsmiləri bir il əvvəl Ağ Evdə tarixi sənədlərin imzalanması ilə əsası qoyulan "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin icrasında ciddi irəliləyişlərin əldə olunduğunu açıqlayıblar. Diplomatik mənbələrin yaydığı video-müraciətdə xüsusi olaraq vurğulanır ki, bu marşrut Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz gediş-gəlişi təmin etməklə yanaşı, bütövlükdə Avrasiya məkanında Şərq-Qərb xətti üzrə ticarət-iqtisadi əlaqələrin güclənməsinə mühüm təkan verəcək. Xüsusilə də ötən ilin avqustunda imzalanmış üçtərəfli bəyannamənin ruhuna uyğun olaraq, kommunikasiyaların açılması və hərəkətin sərbəstliyinin təmin olunması məsələsinin yenidən aktuallaşması cəmiyyətdə haqlı olaraq suallar doğurur: görəsən, yaxın gələcəkdə – xüsusilə 2027-ci ildən etibarən soydaşlarımız Naxçıvana birbaşa quru yolu ilə səfər etmək imkanı qazanacaqlarmi?
Referans Media bildirir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tanınmış politoloq, professor Qabil Hüseynliqeyd edib ki, ABŞ rəsmilərinin bu məsələni məhz indi qabarması Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların və kommunikasiya xətlərinin açılmasının qaçılmaz olduğunu göstərir: "Vaşinqtonun dəstəklədiyi və beynəlxalq müstəvidə maraq doğuran bu cür layihələr regionda nəqliyyat blokadasının aradan qaldırılması üçün mühüm zəmin yaradır. Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək maneəsiz quru yolunun işə düşməsi təkcə ölkəmizin daxili logistikası üçün deyil, həm də beynəlxalq tranzit dəhlizləri sistemində geoiqtisadi balansın təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyır". O qeyd edib ki, tərəflər arasındakı texniki və siyasi razılaşmaların tədricən praktiki müstəviyə keçməsi yaxın perspektivdə quru əlaqəsinin bərpası ilə bağlı nikbin proqnozlar verməyə əsas verir.
Onun sözlərinə görə, layihənin reallaşma sürəti və onun təqvim üzrə irəliləməsi həm də regional dövlətlərin bu prosesə konstruktiv yanaşmasından birbaşa asılıdır: "Əgər mövcud diplomatik dinamika və beynəlxalq təzyiqlər bu istiqamətdə qorunub saxlanılarsa, o zaman 2027-ci ilə qədər nəqliyyat kommunikasiyalarının tam şəkildə fəaliyyətə başlaması və vətəndaşlarımızın Naxçıvana maneəsiz şəkildə quru yolla hərəkət etməsi real hədəfə çevrilə bilər. Bu isə öz növbəsində bütün regionda uzunmüddətli sülhün, etimad mühitinin və iqtisadi rifahın bərqərar olunmasına güclü təkan verəcək".
