Azərbaycanda internetlə bağlı əhaliyə YENİ XƏBƏR VAR: Binalarda...

Azərbaycanda internet xidmətləri ilə bağlı vətəndaş narazılıqları yenidən gündəmə gəlib. İstifadəçilər bildirirlər ki, bəzi yaşayış binalarında alternativ provayder seçimi məhduddur və bu da xidmət keyfiyyətinə təsir göstərir. Ekspertlər hesab edir ki, internet bazarında daha geniş seçim imkanlarının yaradılması xidmət səviyyəsinin yüksəlməsinə müsbət təsir edə bilər.

Referans Media-ya açıqlama verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimai Şurasının üzvü, İT üzrə mütəxəssis Fərid Kazımov bildirib ki, xüsusilə bəzi yeni tikili binalarda sakinlər yalnız müəyyən provayderlərin xidmətindən istifadə edə bilirlər.

Onun sözlərinə görə, bəzi hallarda istifadəçilər daha sürətli və keyfiyyətli xidmət göstərən başqa provayderə qoşulmaq istəsələr də, texniki və ya infrastruktur səbəblərinə görə bunu etmək mümkün olmur:

“İstifadəçi istəyir ki, daha yaxşı xidmət göstərən şirkəti seçsin. Çünki bəzi iri şirkətlərin sürəti və xidmət səviyyəsi daha yüksək olur. Amma müəyyən hallarda seçim imkanları məhdud qalır”.

Ekspert qeyd edib ki, xarici ölkələrdə daha açıq model tətbiq olunur. O bildirib ki, bəzi ölkələrdə vahid optik şəbəkə üzərindən müxtəlif provayderlər xidmət göstərə bilir və istifadəçi istədiyi şirkəti seçmək imkanına malik olur.

Mütəxəssis hesab edir ki, belə yanaşma həm xidmət keyfiyyətinin yüksəlməsinə, həm də istifadəçi məmnuniyyətinin artmasına səbəb olur.

Fərid Kazımov əlavə edib ki, bəzi kiçik provayderlərdə avadanlıq imkanları yüksək sürəti tam təmin etməyə imkan verməyə bilər. Bu səbəbdən gələcəkdə sürət standartlarının artırılması zamanı müəyyən çətinliklər yarana bilər.

Onun sözlərinə görə, bu sahədə nəzarət və monitorinq mexanizmlərinin gücləndirilməsi vacibdir:

“İstifadəçi bilməlidir ki, ödədiyi xidmət qarşılığında hansı sürəti alır. Təqdim olunan internet sürəti real istifadədə də öz əksini tapmalıdır. Bu istiqamətdə şəffaflıq və nəzarət mexanizmlərinin daha da gücləndirilməsi önəmlidir”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki