Azərbaycanda orta aylıq maaş artdı, məbləğ açıqlandı – 1172 manat!

Azərbaycanda orta aylıq əməkhaqqı 1172 manata çatıb. Rəsmi statistikaya görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artıb. Amma bəzi ekspertlər bunu Cənubi Qafqaz ölkələri ilə müqayisədə aşağı hədd sayır.

İqtisadçı Akif Nəsirli bildirir ki, bu vəziyyət Azərbaycan iqtisadiyyatının strukturundan qaynaqlanır:

“Ölkə iqtisadiyyatında neft-qaz sektoru hələ də dominant mövqeyə malikdir. Bu sahə böyük gəlir yaratsa da, nisbətən az sayda insanı məşğulluqla təmin edir. İnkişaf etmiş ölkələrdə isə yüksək əməkhaqqı əsasən yüksək texnologiyalar, maliyyə, logistika və xidmət sektorlarında formalaşır. Azərbaycanda isə bu sahələr hələ də iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilməyib”.

Azərbaycanda maaşların region ölkələrindən geri qalmasının əsas səbəbi nədir?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu, nominal artımdır:

“Əməkhaqqı nominal olaraq artsa da, real ifadədə vəziyyət fərqlidir. Hazırda inflyasiya 6 faizdən, ərzaq inflyasiyası isə 6,7- 6,8 faizdən yuxarıdır. İnflyasiyanı nəzərə alsaq, təəssüf ki, insanların real gəlirləri artmayıb. Bu isə ciddi problemdir”.

natiq ceferli real 2

Natiq Cəfərli

Natiq Cəfərlinin fikrincə, Azərbaycanda əməkhaqqının aşağı olmasının əsas səbəbi iqtisadiyyatın strukturu ilə bağlıdır:

“Ölkədə özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadiyyatda payı çox aşağıdır. Halbuki məhz bu sektor iqtisadiyyatın onurğa sütunu olmalıdır. Məsələn, Gürcüstanda kiçik və orta sahibkarlığın payı 50 faizdən yuxarıdır. İnsanlar özləri biznes qurur, gəlir əldə edir və nəticədə əməkhaqları da artır. Azərbaycanda isə bir çox sahələr dövlət sektorunun nəzarətindədir. Bu da özəl sektorun inkişaf imkanlarını, gəlir əldə etmək və böyümək fürsətlərini məhdudlaşdırır”.

İqtisadçı əlavə edib ki, son bir ildə vergilər, rüsumlar və cərimələr də artıb:

“Bu amillər biznes fəaliyyətinə ciddi mənfi təsir göstərir. Nəticədə isə insanların gəlirlərinin artım tempini zəiflədir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki